“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdıracağı “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsinin icrasına başlayıb.
Qaziler.az saytına birlikdən verilən xəbərə görə, layihə 2018-ci ilin may-iyul aylarını əhatə edir.Layihədən məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin elektron media və sosial şəbəkələrin informasiya yükü, insan hüquq və azadlıqlarının genişləndirici və məhdudlaşdırıcı faktoru olaraq dəyərləndirilməsinə nail olmaqdan, bu məkanın doğura biləcəyi reaksiyalar barədə maarifləndirici tədbirlər görməkdən, mövcud istiqamətdə cəmiyyət üzvlərini düşündürən məsələləri qruplaşdırmaqla hüquqi məsuliyyət növlərinin dəqiqləşməsinə kömək göstərməkdən ibarətdir.
Layihə çərçivəsində Tovuz, Masallı, Balakən və Şabran rayonlarında maarifləndirici xarakterli “dəyirmi masa”ların təşkili nəzərdə tutulur. Tədbirlərdə layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat veriləcək. Həmçinin elektron mediadan və sosial şəbəkələrdən istifadənin xüsusiyyətləri, mövcud istiqamətdəki neqativ və pozitiv cəhətlər, insan hüquq və azadlıqlarının qorunmasındakı yerli və beynəlxalq qanunvericilik ilə bağlı ekspert rəyi dinləniləcək, müzakirələr təşkil olunacaq.