İntihar edən polkovnikin qardaşı məhkəməni uddu - nazirlik ona 5 min ödəyəcək

İntihar edən polkovnikin qardaşı məhkəməni uddu - nazirlik ona 5 min ödəyəcək backend

Həbsxanada intihar edən MTN polkovnikinin qardaşı, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin MTN-in Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında məhkəmə iclası davam edib.

Musavat.com xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutub.

Prosesdə M.Mustafayev iddiasına düzəliş etdiyini bildirib.

O, iddiasını məhkəməyə təqdim edib. M.Mustafayev iddiasında 83 min 120 manat pulu Maliyyə Nairliyindən onun xeyrinə tutulmasını istəyib.

Zərərçəkən bildirib ki, nazirlik də həmin pulu Mövlan Şıxəliyevdən tələb etsin.

Mövlan Şıxəliyevin vəkili isə çıxışında M.Mustafayevin iddiasını qəbul etmədiklərini deyib. O, həmin iddianı əsassız hesab edib və məhkəmədən təmin edilməməsini istəyib.

Məhkəmənin qərarı ilə M.Mustafayevin iddiası qismən təmin olunub. Belə ki, 5 min manatın Maliyyə Nazirliyindən tutularaq, iddiaçı M.Mustafayevə verilməsinə dair qərar çıxarılıb.

Bildirək ki, M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

E.Mahmudova qarşı iddia ərizəsi üzrə məhkəməyə Yasamal Rayon Məhkəməsində baxılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Cinayət işi materiallarında yazılır ki, MTN Mətləb Mustafayevdən vəzifəli şəxslər barəsində məlumatlar tələb edib. Mətləb Mustafayev bununla razılaşmadığı zaman onun qardaşı Malik Mustafayevə də təzyiqlər başlayıb.

Mətləb Mustafayev MTN-nin tələbi ilə razılaşmadığı üçün şərlənərək həbs edildiyini deyir. Polkovnik Malik Mustafayev isə qardaşının həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.


Musavat.com
Diaspora