Mahmud Hacıyev: “İstifadə müddəti bitməsinə az qalan malları bir guşəyə yığıb ehtiyacı olan insanlara paylamaq olar ki, belə xırda oğurluqların qarşısı alınsın”
“3 şokolad oğurluğuna görə şəxsə inzibati və ya cinayət qaydasında cərimə tətbiq etmək düzgün deyil”Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub. Olay Xətai rayonu, Neapol küçəsində yerləşən “Səbət” marketdə baş verib. Marketin sahibi Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib. Kifayət qədər yaşı olan, baba olması istisna edilməyən Ağabala Göyüşovu nə gözləyir? Həbs, yoxsa cərimə?
Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mətkəzinin rəhbəri Mahmud Hacıyev məsələyə münasibət bildirərkən “Yeni Müsavat”a deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər belə hallarda vətəndaşın məhkuma çevirilməsinin qarşısını alır: “Əsas cinayətin motivinə diqqət etmək lazımdır. Oğurluq, soyğunçuluq, quldurluq halları tamah məqsədilə törədilən cinayətlərdir. Tamah motivi ilə baş verən cinayətlərin artması sosial-iqtisadi problemlərlə, iqtisadi vəziyyətlə əlaqəlidir. İşsiz tamah motivi ilə cinayət törədibsə, burada əsas amil sosial-iqtisadi problemdir. Heç bir əqli cəhətdən sağlam, anlaqlı şəxs tamah motivi ilə oğurluq, quldurluq, soyğunçuluq etməz. Bu məsələdə əsas aparıcı məqam sosial-iqtisadi problemlərdir. Tam olmasa da, belə cinayətlərin törədilməsində əsas rol oynayan sosial-iqtisadi durumdur. Ola bilər ki, həmin şəxsin nəvələri ondan şokolad istəyib, ala bilməyib və belə bir hadisə ortaya çıxıb. Bütün hallarda oğurluq oğurluqdur. Bu gün marketdən 3 şokolad oğurlayıb ələ keçməyən biri, sabah daha bir və daha artıq oğurluq edəcək. İstənilən oğurluğun ifşa olunması müsbət haldır və gələcək oğurluqların qarşısının alınması üçün vacibdir. Həmin şokolad oğurlayan şəxs tərəfindən gələcəkdə baş verə biləcək 2-ci cinayət halının qarşısının alınması baxımından ifşası profilaktiki tədbirdir”.
Mahmud Hacıyev ile ilgili görsel sonucu
Mahmud Hacıyev deyir ki, tamahdan başqa nəfsinə hakim ola bilməyən yaşlı bir adamın 3 şokoladın mağazadan götürməsi də oğurluq kimi tövsif olunur: “Məbləğ, miqdar etibarilə az əhəmiyyətli cinayətdir. Amma oğurluqdur. Nəvələri üçün götürüb, özünün nəfsi çəkib - bu, araşdırma mövzusudur. Cinayət qanunvericiliyinin humanisitləşdirilməsi belə hallarda vətəndaşın həbsinin qarşısını alır. Dələduzluq cinayətlərindən fərqli olaraq oğurluq cinayətlərində konkret məbləğ, aşağı hədd müəyyən olunmayıb. 1 manat da, milyonlarla manat da oğurlayan qanunla cəzasına çatdırılmalıdır. Stalin rejimi vaxtı 1 toyuq oğrusu da, böyük bir ərzaq anbarını oğurlayan da ağır cəzalarla üz-üzə qalırdı. Bunu ona görə edirdilər ki, oğurluqların qarşısı alınsın. 1962-ci ilə qədər belə davam etdi. Sonradan isə qanunvericilikdə dəyişikliklər oldu və bir qədər yumşalma edildi. Ola bilər ki, vətəndaş işsizdir. Təqaüdü yaşamasına, nəvələrinə şokolad almağa çatmır. Hansı ölkə olmasından asılı olmayaraq vətəndaşın işsizlik, sosial-iqtisadi problemləri həll edilirsə, vətəndaşın dolanışığı üçün minimal şərtlər təmin olunursa, cinayətləri sayı azalır. Əqli cəhətdən sağlam şəxs belə cinayətə getməz. Kim istəyər ki, özü azadlıqdan məhrum edilsin, türmədə otursun, ailəsi isə başsız, nəvələri babasız, nənəsiz qalsın?”
M.Hacıyev deyir ki, vətəndaşın sosial təminatı normal şəkildə olursa, cinayətə meyillilik də azalır, aradan qalxır: “3 şokolad oğurluğuna görə ona inzibati qaydada cərimə, cinayət qaydasında cərimə tətbiq etmək düzgün deyil. İfşa olunması elə ən böyük cəzadır, profilaktiki tədbirdir. Vətəndaşı belə oğurluğa vadar edən səbəblər var. Hazırda bu səbəb sosial-iqtisadi vəziyyətdir. İnsan çox mürəkkəb xarakterli məxluqdur. Nəzərə almaq lazımdır ki, bütün insanların iradəsi, tərbiyəsi, intellekti, dünyagörüşü yüksək səviyyədə olmaya bilir. İnsan var səbirlidir. Aclığa da, susuzluğa da, soyuğa da dözə bilər. Amma hamı belə deyil axı. Digər tərəfdən də, 21-ci əsrdə Azərbaycan insanı niyə işsizlik, aclıq, soyuq, işıqsızlıq və digər sosial-iqtisadi problemlərlə üz-üzə qalmalıdır? Və bu problemlərdən doğan cinayətə getməlidir?”
M.Hacıyev maraqlı bir təkliflə də çıxış edib: “Marketlərdən, dükan-bazarlardan oğurluq halları təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Belə cinayətlərin qarşısını almaq üçün xeyriyyə məqsədli pulsuz paylaşımlar etmək olar. Yəni bütün mağazalarda bilirik ki, istifadə müddətini bitməsinə 5-10 gün qalan malları piştaxtalardan yığışdırırlar. Qanun bunu tələb edir. Həmin malları bir guşəyə yığıb ehtiyacı olan insanlara paylamaq olar ki, belə xırda oğurluqların qarşısı müəyyən qədər alınsın. Təkcə hüquq-mühafizə orqanları əməkdaşlarının sayını artırmaqla, mağazalarda nəzarət kameralarını çoxaltmaqla iş keçmir. İşsizlik problemi aradan qaldırılmalıdır ki, cinayətlərin də sayı ilbəil artmaq əvəzinə azalsın. Belə xoşagəlməz hallar da aradan qalxsın”.
“Yeni Müsavat”