Azərbaycanda 12-28 iyun tarixlərində keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi bir sıra tədbirlər həyata keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzin girişində 1-ci Avropa Oyunlarının stendləri və bannerləri quraşdırılıb. Bakı və Azərbaycanın potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb və bunlar Avropa Oyunlarına gələn idmançılara və turistlərə təqdim olunacaq, həmçinin Mərkəzdə suvenir köşk quraşdırılıb.Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisləri gələn əcnəbi turistlərə və qonaqlara daha yüksək xidmət göstərmək üçün 3 aylıq ingilis dili kursları keçiblər. Bakı Turizm İnformasiya Mərkəzi 1-ci Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb.
Mərkəzin (+994 12 498 12 44) telefon nömrəsi "qaynar xətt" təyin olunub.