"Papanin"də tikilən stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır
Bakıda “Papanin” deyilən ərazidə yeni metrostansiya tikilir. Yeni metrostansiya 3 hektar ərazidə inşa olunur. Bu metrostansiyanın digərlərindən fərqi odur ki, platformanın uzunluğu 144 metr nəzərdə tutulub.Adı məlum olmayan hələlik şərti adı “B-3” olan yeni metrostansiyada 17 eskalator və 3 lift olacaq.
Liftlər, fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulub.
İlk olaraq 5 vaqonluq qatarlar xəttə buraxılacaq, sonradan isə 7 vaqonluq qatarlar sərnişinlərə xidmət edəcək.
2012-ci ildən tikintisinə başlanan metrostansiyanın nə vaxt açılacağına gəlincə, metropoliten rəsmisi Nəsimi Paşayev bildirdi ki, bu il istifadəyə verilməyəcək, növbəti ildə istifadəyə verilməsi planlaşdırılır.
Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişikliklər “Bənövşəyi xətt”lə bağlıdır. Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından götürən xətt bütün paytaxtı keçərək “Qaraçuxur” qəsəbəsinədək uzanacaq.
Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.
“Bənövşəyi xətt”in ilk stansiyası Bakı Beynəlxalq Avtovağzalında olacaq. Yeni metrostansiya da bu xəttin davamı olaraq tikilən metrostansiyadır.