Bəlkədə alnımızın yazısı, taleyimizin işidir..bilmirəm...
... Çox ağırdı, 24 il köçkünlük adlı bir yükü, yurdsuzluq adlı bir dərdi ürəyinin üstündə gəzdirmək, gözlərinin didəsində saxlamaq, çiyinlərində daşımaq...3-4 yaşlı körpənin ana axtaran, ana soraqlayan gözlərindəki yetimlik ifadəsi ruhumuza hopub, vücudumuza hakim kəsilib elə bil.. Çıxa bilmirik o ifadənin təsirindən, ayrıla bilmirik yetimlik hissindən. Atalı-analı yetimik sanki. Qəribədi, il-il üstünə gəldikcə, aradan 24 il keçdikcə, nə qədər əzizlərimizi, doğmalarımızı itirdik... amma o itkilərlə barışdıq. Barışmadığımız, itkisini qəbullanmadığımız yurd-ocaq itkisi bizi yandırdı yaxdı. Hansı köçkün deyə bilər ki, mən yuxularımda da olsa o yurdu ziyarət etmirəm, o yerlərə dönəcəyimi xəyal edərək yaşamıram? Bunu deyəcək köçkün varmı?
Keçən o 24 il nələrimi almadı məndən? Dünyanın gərdişindən bixəbər uşaqlığımı, qayğısız günlərimi, analı-atalı, bacılı-qardaşlı xoşbəxt anlarımı aldı, apardı. Əyri-üyrü cığırlardan, tozlu-torpaqlı döngələrdən izimi sildi. İlk məhəbbətimi, gələcəyimi, sevgimi-sevincimi yerlə yeksan elədi. Itirdim və gözlərim yenədə anasını axtaran yetim körpənin gözlərinə döndü. Eynən, anasına bənzər bir qadını görən körpənin həyəcanı və xəyal qırıqlığı.. Hardasa bir kəhriz görürdüm, suyunu uçuna-uçuna içirdim, amma təsəlli tapa bilmirdim, çünki bu bizim kəhriz deyildi, heç ona bənzəmirdi də...Əppəkli dərəninin, Tosuyun kövşənliyinin qoxusunu heç yerdən ala bilmədim. 24 ildə nə qədər yağışa düşdüm , yağmurda mən və torpaq birlikdə islandıq...Amma yağış hopmuş o torpağın ətrini heç vaxt təkrar hiss etmədim...Bilirəm. bilirəm ki, eyni hissləri hər didərgin yaşayıb..
Hələ Güləndam bibimin təndirindən ətrafa yayılan o əsrarəngiz çörək ətrini demirəm. Köçkünlüyün ilk illərində qəribsədiyim o qoxunu ciyərlərimə çəkmək üçün ondan təndir qalamasını, çörək bişirməsini xahiş etdim. Xahişimi yerə salmadı. Bişirdi təndirdə, qucaq boyda, qırmızıyanaq çörəkləri...Yox, yanılmışdım, nə o kənd bizim kənd idi, nə o təndir Güləndam bibinin təndiri idi, nədə həmişə xəmiri sevgilə-sevinclə yoğuran Güləndam bibi həmin Güləndam bibi idi..
Kəndimizin yaxınlığından axan, yaz gələndə selə dönüb daşan Xaçın çayı elə bir gurultuyla, elə bir şırıltıyla axardı ki...Hələ gəbə, kilim, palaz yumağa gələn qız-gəlinlərin çaylağı başına götürən səs-küyü, qəhqəhəsi...
Bizim camaatımız da möcüzə idi. Özləri boyda möcüzə...Kasıbı da vardı, varlısıda vardı. Kasıbıda zəhmətkeş, istiqanlı, canıyanan, həmdərd, mehriban, zarafatcıl idi, varlısıda... Həmkəndlim “pavliyon Ənvər”in imkanı, varı-dövləti rayonda dillə deyilərdi, amma uşaqları bizdən də sadə, bizdən də səmimiydilər. 10 il bir məktəbdə oxuduq varlı-kasıb seçimini hiss etmədik. Köçkünlük tanışdırdı bizi varlı-kasıb seçimiylə..Bir dağ rayonundan kəndimizə yaşamağa bir ailə gəlmişdi. Evin kişisi rəhmətə getdi. Suma xala iki oğlu ilə çarəsiz qaldı. Evi yox, işi yox. Camaatımız onlara ev də tikdi, oğlanlarını işlə də təmin etdi, yeri gələndə “pay-pürüş” adı altında yardımda elədi...O kasıbın qəlbinə dəymədən, qürurunu sındırmadan kimin əlindən nə köməklik gəldi, bu ailəyə dəstək oldular.

Böyük bir kənd bir nəfərin ölüsünə elə onun qədər yas saxlayardı. 40 gün o böyük kənddə toy çalınmaz, musiqi səsi eşidilməzdi. Bayramlarda da yaslı ailəni unutmaz, onun süfrəsinin boş keçməsinə razı olmazdılar. Bayram demişkən, hər il kəndin gəncləri-qızlı oğlanlı axır çərşənbə gecəsi kəndin lap ortasında qurduqları çadırda təntənəylə bayram şənliyi keçirərdilər. Hər kəs evindən bayram xonçası-şirniyatlar gətirər, çay süfrəsi açılardı. Vüqarın nağarasının, Seymurun qarmonunun səsi səhərə qədər kəsilməzdi. Rəqs edərdik, yorulanda lətifə danışar, bəzəndə hamını yamsılamaqda “ustad” hesab edilən Abilin “çıxışlarına” qulaq asardıq. Heç kəs incimirdi. Hamı elə ürəkdən gülürdüki...Səhər obaşdan hamımız kəhrizin üstünə gedər, yeni gün münasibətilə su içər, əl-üzümüzü yuyar, apardığımız boş qablarda su gətirib həyət –bacaya səpərdik...
Burnumun ucu göynədi, gözlərim doldu. ..Biz necə xoşbəxt imişik, İlahi!
Yuxularımda gəzirəm qatı qaranlıq çökmüş o yolları, aralıqları, elə hey axtara-axtara gəzirəm.. tapa bilmirəm itirdiklərimi...Yuxudan ayılanda içimdə bir boşluq, bir ümidsizlik gözlərim elə hey yol çəkir... Təəssüf!Yüküm yeyir məni, zərrə-zərrə bitirir, çürüdür məni... Dodaqlarım isə asta-asta pıcıldayır:
Orda bir köy var, uzaqda. O köy bizim köyümüzdür.
Getməsək də, gəlməsək də. O köy bizim köyümüzdür.
Orda bir yol var, uzakta. O yol bizim yolumuzdur.
Dönməsək də, varmasak da, O yol bizim yolumuzdur.
P.S Baş Qərvənd inzibati ərazi nümayəndəliynin sədri Zakir Əliyev:
1994-cü il aprel ayının 26-da təcavüzkar Ermənistannın silahlı qüvvələri tərəfindən işğala məruz qalan Baş Qərvənd Ağdam rayonunda ən böyük kəndlərdən biri hesab olunurdu. Kəndin sovetliyinə Baş Qərvənd, Şıxlar, Orta Qərvənd, Ayaq Qərvənd kəndləri daxil idi. Kəndin ümumi ərazisi olan 3719 hektarın 2469 hektarı (Baş Qərvənd və Şıxlar kəndləri) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Hazırda Orta Qərvənd və Ayaq Qərvənd kəndləri olmaqla 1250 hektar ərazi faktiki bizdədir. Kəndimizin əhalisi 5750 nəfərdən ibarətdir ki, bu da 1337 ailə deməkdir. Hazırda 1140 ailə respublikanın müxtəlif bölgələrində köçkünlük həyatı yaşayır, işğal olunmamış kəndlərimizdə isə 197 ailə yaşamaqdadır. Erməni işğalçıları ilə döyüşərək həlak olan 16 igid döyüşçümüzü, bombardman zamanı isə 8 dinc sakini itirmişik.
Əntiqə RƏŞİD