ADP sədrinə atalar sözümüzü nümunə göstərdilər: “Ağıl yaşda deyil, başdadır...”
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında gənc kadrların vəzifəyə gətirilməsini tənqid edib. O həmçinin qeyd edib ki, dünyada bir neçə gənc lider var ki, hər kəsin başına bəladır.
Sitat: “Şimali Koreyanın prezidenti 22-23 yaşında hakimiyyətə gəlib, bu gün də dünyaya meydan oxuyur. Bəşər Əsəd də 26 yaşında hakimiyyətə gəlib, bu gün törətdikləri göz önündədir. Siyasət 60-70 yaşlı insanların məşğuliyyət sahəsidir. Ona görə hansısa gəncin hakimiyyətə gətirilməsini müsbət qiymətləndirmirəm”.
Qeyd edək ki, dünya təcrübəsində çoxlu sayda gənc yaşda baş nazir, nazir, prezident vəzifəsinə gələn siyasətçilər var. Məsələn, hazırda dünyanın ən gənc baş naziri Avstriyanın baş naziri Sebastian Kruzdur - 31 yaş. O, hələ ki, hüquq təhsilini tamamlamayıb. Castin Trüdo isə 3 il öncə 44 yaşında Kanadanın baş naziri vəzifəsinə gəlib. Vladimir Putin 48 yaşında Rusiya kimi böyük bir dövlətin prezidenti seçilib. Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili də vaxtilə dünyanın ən gənc siyasi liderləri siyahısında olub. Belə ki, Saakaşvili 1995-ci ildə 28 yaşında Gürcüstan parlamentinin deputatı seçilib. 5 il sonra ədliyyə naziri vəzifəsinə qədər yüksəlir. 37 yaşında isə Gürcüstanın prezidenti olub.
Hazırda dünyanın ən gənc prezidentləri siyahısında Fransanın prezidenti Emmanuel Makron liderdir. O, ötən il 39 yaşında seçkilərdə qalib gələrək Fransanın prezidenti olub. Makron hələ 27 yaşında iqtisadiyyat nazirliyində, 2012-2014-cü illərdə prezident Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə iqtisadiyyat naziri təyin edilib.
18 yaşından siyasətə qoşulan, hazırda AĞ Partiyanın sədri olan Tural Abbaslı “Yeni Müsavat”a danışaraq məsələyə bu cür mövqe bildirdi: “Sərdar Cəlaloğlunu tanıyan şəxs kimi deyə bilərəm ki, o, kifayət qədər müasir dünyagörüşünə, demokratik təfəkkürə malik bir siyasətçidir. Mən bu mövqeyi daha çox bəyin yaşı ilə əlaqələndirərdim. Belə ki, bu yaşdakı insanlarda daha gənc nəsil haqqında adətən mənfi fikirlər formalaşır, onlara daha az inamla yanaşılır. Hələ min illər öncəki ağsaqqallara aid edilən ”İndiki gənclər çox korlanıb" deyimi dediklərimə bir nümunə ola bilər. Əgər konkret səsləndirilən arqumentləri analiz etsək görərik ki, Sərdar bəy haqlı deyil. “Dünyanın başına oyun açanların” yaş həddinə baxsaq görərik ki, bu sahədə yaşlılar gənclərdən xeyli irəlidədir. Məsələn, gündə yazdığı bir Tvitlə dünyanın iqtisadiyyatını və siyasi səhnəsini alt-üst edən ABŞ prezidenti Donald Tramp qətiyyən gənc deyil, zor gücüylə dünyanı təsir altında saxlamaq istəyən Rusiya prezidenti Vladimir Putin də gənc deyil, dünənə qədər Afrika qitəsində qaniçənliyi ilə ad çıxarmış Muqabe gənc deyildi, Kubanı inkişafdan saxlayan Fidel və Raul Kastro qardaşları gənc deyildilər. Mən bu siyahını kifayət qədər uzada da bilərəm. Odur ki, düşünmürəm ki, cahillik yaşa baxsın. Atalarımız demiş “Ağıl yaşda deyil, başdadır”. Ancaq, təbii ki, gənclərin idarəetmədə başda olmalarının üstünlükləri çatışmazlıqlarından xeyli çoxdur. Gənclər daha enerjili, daha yaradıcı, daha potensiallı, daha kreativ, daha ambisialı və daha çox verimli olurlar. Təbii, gəncliyin də çatışmayan cəhəti var, bu da təcrübə azlığıdır. Bunu da aradan qaldırmaq çox asandır. Belə ki, Sərdar bəy və digər yaşlı siyasilərimiz öz təcrübələri ilə bu gənc liderlərlə bölüşsələr, bu problem də aradan qalxır. Baxın, bu gün yaşadığımız dünyaya bu şəkili və bu yönü verən insanların çoxu da gənc olub. Bunlara misal kimi, tarixə adını Böyük kimi yazdıran İsgəndər Makedoniyalını, tarixin ən böyük imperiyasından biri olan Hun imperiyasının banisi Atillanı, İstanbulun fəthi ilə dünyaya yeni şəkil verən Fatih Sultan Məhəmməd xanı, Səfəvi imperatoru Şah İsmayıl Xətaini və s. göstərmək olar. Yəni demək istəyirəm ki, istənilən halda gənclərin idarəetmədə öndə olmalarının ancaq müsbət tərəfləri ola bilər. Mən çox istərdim ki, ümumiyyətlə, Azərbaycanda həm siyasi, həm elmi, həm də iqtisadi sahələrdə gəncləşmə prosesi başlasın. Belə olarsa, bizlər hər sahədə tez bir zamanda Azərbaycanımızın sürətli inkişafının şahidi olarıq".
İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə bu cür münasibət bildirdi: “Sərdar Cəlaloğlunun fikirləri hər zaman təzadlı olub. Və hər zaman pis örnəklərlə arqument gətirməyə çalışıb ki, siyasətlə yaşlı insanlar məşğul olmalıdır. Halbuki bunun dünyada əks, gözəl örnəkləri də var. Kanadanın, Avstriyanın baş nazirləri, Fransanın prezidenti 30-40 yaşlı siyasətçilərdir və onlar dünya siyasətində çox önəmli rol oynayan, düşüncələri ilə gündəm yaradan şəxslərdir. Buna görə də siyasətçi yaşla deyil, peşəkarlıqla, xalqın dəstəyi ilə dəyələndirilməlidir. Təyinatda yaş heç də təcrübə demək deyil. İnsanların təcrübəsi önəmlidir. Sərdar Cəlaloğlunun bu cür fikirlərini təbii qarşılayıram, o mənada ki, insan, yəqin ki, özünü bu proseslərdən kənarda görmək istəmir. İkinci də ki, Sovetdən qalma bir təcrübə var idi ki, yaşlılar daha təcrübəli, daha yaxşıdır. Yəqin ki, Sərdar Cəlaloğlu həmin yanaşmanın, düşüncənin içərsindədir, ondan kənara çıxa bilməyib”.
Natiq Cəfərli bir daha vurğuladı ki, idarəetmədə daha çox gənc kadrların olması vacibdir: “Əslində isə, qeyd etdiyim kimi, siyasətçinin dəyəri biliklə, bacarıqla, menecment idarə etmə qabiliyyətləri, xalqın dəstəyi ilə ölçülür. Bu anlamda siyasətçinin yaşlı və ya cavan olması önəmli deyil. Gənclərin dünya görüşünün daha yüksək olması onları ən azı bir addım önə çəkir. Bu baxımdan düşünürəm ki, idarəetmədə daha çox gənc kadrların olması vacibdir”.
“Yeni Müsavat”