MTN generallarının rütbələri alındı, DTX-ya 1 milyon ödəniləcək

MTN generallarının rütbələri alındı, DTX-ya 1 milyon ödəniləcək backend

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılıb.

Musavat.com xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında sabiq MTN əməkdaşlarının rütbələri və mülki iddialarla bağlı da qərar çıxarılıb.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunması istənilib.

Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat veriləcək.

Məhkəmə Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasını da təmin edib.

Hökmə əsasən general Sübahir Qurbanov 14 il, Teymur Quliyevin 12 il, Füzuli Əliyev 14 il, Natiq Əliyev 10 il 6 ay, Zaur Məmmədov 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Fərhad Atayev və Elşad Əzizov barəsində 3 il sınaq müddəti olmaqla 70-ci (şərti) maddə tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Ev dustaqlığında olan general Natəvan Mürvətova barəsində də şərti cəza təyin edilib, 5 il sınaq müddəti olmaqla şərti cəza çıxarılıb.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.

Musavat.com
Diaspora