Qarabağ qazisi prezidentin fərmanını alqışladı

Qarabağ qazisi prezidentin fərmanını alqışladı backend

Etimad Əsədov:"Çox sevindiricidir ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin növbəti 7 il üçün icrasına başladığı ilk gün məhz şəhid ailələri ilə bağlı fərman imzaladı"

"Bu da Prezidentin şəhid ailələrinə, ərazi bütövlüyümüz uğrunda döyüşmüş, şəhid olmuş insanlara yüksək dəyər verdiyinin göstəricisidir"

Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman verib.

Fərmanda deyilir: "Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır.

Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Fərmanda birdəfəlik ödəməni almaq üçün hansı sənədlərin təqdim edilməli olduğu da göstərilib. Prezident Fərmanında ödəmələrin icrası ilə bağlı bütün əlaqədar qurumların vəzifələri də qeyd edilib.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov ölkə başçısının fərmanını yüksək qiymətləndirdiyini dedi. «Şərq»ə açıqlamasında E.Əsədov fərmanının imzalanmasını alqışladıqlarını bildirdi:

- Çox sevindiricidir ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin növbəti 7 il üçün icrasına başladığı ilk gün məhz şəhid ailələri ilə bağlı fərman imzaladı. Bu da Prezidentin şəhid ailələrinə, ərazi bütövlüyümüz uğrunda döyüşmüş, şəhid olmuş insanlara yüksək dəyər verdiyinin göstəricisidir. Biz Qarabağ qaziləri, müharibə əlilləri, veteranları bu fərmanı gözləyirdik. Bildiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şəhid ailələrinə, Vətən uğrunda döyüşlərdə xəsarət almış, yaralanaraq əlil olmuş şəxslərə icbari sığorta pulunun ödənməsinə dair 2014-cü il 28 yanvar tarixli qərarı var. Lakin uzun müddətdir ki, bu problem həllini tapmırdı. Biz Qarabağ qaziləri bu problemi dəfələrlə qaldırmışdıq, şəhid ailələri ilə birgə Parlamentdə olmuşduq, millət vəkilləri ilə görüşmüşdük.

Bilirsiz ki, sığorta ödəmələri həm də «qan pulu» adlanır. Şəhidin, əlilin qan puludur bu. Hətta təkliflə çıxış etmişdik ki, ilk növbədə şəhid ailələrinin pulu ödənsin. Çünki şəhidlik uca bir məqamdır. Prezidentin birdəfəlik sığorta ödəmələri haqqında imzaladığı bu fərman həqiqətən də bizi çox sevindirdi. Bu fərmanı yüksək qiymətləndirir, alqışlayırıq. Şəhid ailələrinin birdəfəlik ödəmələrə böyük ehtiyacı vardı. İnanırıq ki, ikinci belə bir fərman da Qarabağ əlilləri barədə olacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş və əlil olmuş şəxslərin də birdəfəlik ödəmələrə çox böyük ehtiyacı var. Müharibə əlilləri arasında iki əlini, iki ayağını itirmiş, əlil arabasına məhkum, həmçinin iki gözünü itirmiş şəxslər var. Bu şəxslər mütləq kiminsə yardımı ilə hərəkət etmək məcburiyyətindədirlər. İnanırıq ki, Prezidentin növbəti fərmanı müharibə əlillərinə ödəmələrin verilməsi ilə bağlı olacaq və bu qəbildən olan şəxslər bununla zəruri ehtiyaclarını qarşılaya biləcəklər.
Diaspora