Azərbaycanı imzasında yaşadan kişi

Azərbaycanı imzasında yaşadan kişi backend

Şəfi bəy Rüstəmbəyli müstəqil cümhuriyyətin süqutunu hönkürtü ilə qarşılamışdı

1920-ci ilin işğal günləri ərəfəsi idi.

Milli qüvvələr Məclisi Məbusanın son iclasına toplaşmışdılar. Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü səsi eşidilir. Hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi ağlayan. Parlamentin üzvü, daxili işlər nazirinin müavini, ən əsası Azərbaycan qəzetinin redaktoru. Hansı ki, əksər yazılarına Şəfi bəy Rüstəmbəyli imzasını yox, Azərbaycan imzasını qoyurdu. 1919-cu ildə milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olan da məhz Şəfi bəy Rüstəmbəyli idi.

O, Ağdaş qəzasının Məmmədli kəndində anadan olmuşdu. Kiyev Universitetində hüquq təhsili almışdı. Şəfi bəyin siyasətçi kimi formalaşmasında da elə Kİyev mühiti mühüm rol oynamışdı.Bu o dövrlər idi ki, yazıçı Yusif Vəzir Çəmənzəminli tərəfindən gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsi yaradılırdı. Şəfi bəyin gələcəkdə həm siyasi, həm də ictimai xadim kimi yetişməsində bu məsələnin ciddi təsiri olur. 1916-ci ildə hüquqşünas diploma ilə vətənə qayıdan Şəfi bəy Rüstəmbəyli 1917-ci ildə artıq Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri idi. Sonradan İstiqlala bəyannaməsinə də imza atacaq, AZərbaycan qəzetində ən maraqlı yazılara da, daxili işlər nazirinin müsvini kimi bir sıra vacib sənədlərə də. Təəssüf ki, Cümhuriyyətin ömrü kimi onun da fəaliyyəti yarımçıq qaldı. İşğaldan sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçdü, Sovet hakimiyyəti onu orda da dinc buraxmadı.

Sonra İstanbula yerləşdi. Ailəsini isə sovet hakimiyyəti güllələdi. Atası Mustafa bəyi, qardaşı Hacını. Hətta deyirlər ki, Mustafa bəy oğlunun ondan sonra gülllələnməsini xahiş etsə də, qırmızı cəlladlar əksini ediblər. Oğulu atanın gözü qarşısında öldürüblər. Səbəbi sadəcə Şəfi bəy Rüstəmbəyli faktoru idimi? Daha çox hə. Amma Mustafa bəy Rüstəmbəyli də dövrünün tanınmış imkanlı, ziyalı adamlarından idi. Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” kitabında istiqlal şəhidləri sırasında “Ağdaş əyyanından” Rüstəmbəyli Mustafa bəyin də adını çəkmişdi. O, cümhuriyyət ordusuna 20 min çəkmə bağışlamış, onları paltarla, ərzaqla təmin etmişdi. Şəfi bəy Rüstəmbəyliyə gəlincə..Atasından və qardaşından fərqli olaraq o,1960-cı ildə İstanbulda öz əcəli ilə öldü. Amma o vaxta qədər məsləkdaşları ilə münasibətləri də ölmüşdü. Məsələn, onun yazdığı “ Yıxılan bütlər” və “Rəsulzadənin fəci süqutu” kitabları müstəqil dövlət quran kişiləri bir-birindən incik salmışdı.

Real TV

Diaspora