Bakı 2015 12-28 iyunda gerçəkləşəcək Birinci Avropa Oyunlarının nümayişi ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilələr imzalamaqla, beynəlxalq yayım əhatəsini genişləndirib.
Bakı 2015 Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, ən son bağlanmış yayım müqavilələri aşağıdakılardır:Ukrayna – NTU, ölkə boyunca Oyunların 16 milyon evdə yayımını təklif edən ödənişsiz milli yayım şirkəti;
Gürcüstan – Gürcüstan İctimai Kanalı, London 2012 Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz televiziya şirkəti;
Norveç – TV2, Rio 2016 Yay Olimpiya Oyunlarının yayım hüququnu əldə etmiş ödənişsiz televiziya şirkəti.
İsrail – Bakı 2015, bu ölkənin aparıcı, ödənişli idman telekanalları olan Sport 5 (Sport Channel) və Sport 1 (Çarlton) arasında yayım hüququnun bölüşdürülməsi haqqında müqavilə imzalayıb.
Bu yeni telekanalların elan olunmasını şərh edən, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcü, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməyindən məmnunuq. Məqsədlərimizdən biri, Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə yaratmaqdır və bu yayım sazişləri, məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir. Orta hesabla, hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə, Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.
Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca ən son bağlanmış bu müqavilələr ilk Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir daha sübut edir.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud http://az.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, metronun Neftçilər, Əhmədli stansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald’s" restoranı.