Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az saytına bildirlir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün yeni mənzillərin inşa etdirilməsi istiqamətində işlər ildən-ilə gücləndirilir. Ötən il bu təbəqələrə aid vətəndaşlardan ibarət 315 nəfər mənzil və ya fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə bu vaxta qədər Nazirliyin sifarişi əsasında 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib.Hazırda respublikamızın bölgələrində fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilməklə yanaşı, İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, habelə Bakının Nizami rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzilli yaşayış binasının tikintisinin yekunlaşdırılması işləri də sürətləndirilib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün müvafiq yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Bu isə qeyd edilən istiqamətdə də tədbirləri davam etdirməyə imkan verib.
S.Müslümov və əlil ictimai birliklərinin rəhbərləri binada görülən işlərlə yerindəcə tanış olublar. Yaşayış binasında əlilliyi olan şəxslərin rahat yaşayışı, onların maneəsiz hərəkət imkanlarına malik olmaları, asudə vaxtlarının təşkili üçün uyğun şərait yaradılır.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən bu binanın tikintisinin yekunlaşdılması üçün aparılan işlərin sürətləndirlməsindən, burada əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması üçün aparılan işlərdən məmnunluğunu bildirib.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov binada tikinti işlərinin gedişindən və keyfiyyətlə aparılmasından, ümumən əlil və şəhid ailələrinin mənzillə təminatı tədbirlərinin gücləndirilməsindən razılığını ifadə edib.
Yaşayış binasının tikintisinin yekunlaşdılmaası işlərinin sürətləndirilməsi, eləcə də binadakı dəhliz və mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılması barədə müvafiq tapşırıqlar verilib. Binanın yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır.