Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, cari ilin aprel ayında respublika üzrə 113455 ailə (494892 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26774 ailə (116694 nəfər ailə üzvü) və ya 19 faiz azdır.
Ünvanlı dövlət sosial yardım təyin olunan ailələrin sayının cari ilin aprel ayında da azalması ilk növbədə Azərbaycanda vətəndaşların həyat səviyyəsinin mütəmadi yaxşılaşması və ünvanlı dövlət sosial yardımlarının təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunması istiqamətində aparılan işlərlə bağlıdır.Bununla yanaşı, ünvanlı sosial yardım alanların sayının azalması yardımların məbləğinin artması ilə müşahidə olunmaqdadır. Belə ki, ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə və adambaşına düşən orta aylıq məbləği 14,5 faiz artmaqla müvafiq olaraq 144,98 manat və 33,24 manat təşkil edib.
Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 234990 nəfərdir. Onlardan 6329 nəfəri 1 yaşadək uşaqlardır ki, həmin uşaqlara görə ünvanlı sosial yardımdan əlavə olaraq, 45 manat məbləğində aylıq sosial müavinət də ödənilir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5507 nəfərdir. Ünvanlı yardım təyin olunan ailələrin 32550-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciətin edilməsi və yardımların təyin olunması prosesinin elektron əsaslar üzərində avtomatlaşdırılmış sisteminin yaradılması işləri davam etdirilir. Bu yeni sistem ünvanlı yardımların təyinatında məmur-vətəndaş ünsiyyətinin tam aradan qalxmasına, aztəminatlı şəxslərin ünvanlı sosial yardım sistemi üzrə sürətli və rahat, şəffaf xidmətlərə çıxış imkanı qazanmalarına səbəb olacaq.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən müvafiq dəyişikliyə əsasən, bu ilin mart ayının 17-dən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə deyil, 2 il müddətinə təyin olunur.