17 rayonun 30 kəndinin adı dəyişdiriləcək

17 rayonun 30 kəndinin adı dəyişdiriləcək backend

Azərbaycanın 17 rayonunda 30-dan çox kəndin və inzibati ərazi dairəsinin adı dəyişdiriləcək. QAZİLER.AZ modern.az-a istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 15-də keçirilən iclasında müzakirə olunub.

Müzakirəyə çıxarılan məsələ barədə danışan komitənin sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb: “Bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər olunub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib. Onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb”.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin təkrarlanan, eyniadlı kənd adlarının və bəzi inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi təklif olunur: “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur”.

Deputat Fəzail İbrahimli qeyd edib ki, ideoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsi vacibdir.

Deputat Rüstəm Xəlilov isə gələcəkdə bəzi rayonlarda eyniadlı bir neçə kəndin adının dəyişdirilməsinin də vacibliyini söyləyib. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Diaspora