Mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçiriləcək. TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılacaq.
Məlumat üçün bildirək ki, imtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7651 abituriyent II qrup, 8419 abituriyent III qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986 nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər, III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənc isə 1997-cı ildəndir.
Bakı şəhərində 7344, Naxçıvanda 763, Gəncədə 1837, Sumqayıtda 876, Mingəçevirdə 681, Şəkidə 802, Ağcabədidə 725, Göyçayda 657, Şirvanda 541, Lənkəranda 1004, Xaçmazda isə 840 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.