Millət vəkili Qənirə Paşayeva Qusarda şəhid qəhrəman Əmiraslan Xeyirbəyovun anım tədbirində və xatirəsinə Şəhid Bulağın açılışında Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib.
Qusarda Çağar Kışlak kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən Əmiraslan Xeyirbəyovun anım tədbiri və onun xatirəsinə açılan Şəhid Bulağının açılışında çıxışı zamanı millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Qəhrəman şəhidimiz Əmiraslan Xeyirbəyovun məktəbi əla qiymətlərlə oxumasına, hərbi-vətənpərvərlik, idman yarışlarında hər zaman uğurlar qazanmasına baxmyaraq məktəbi bitirən kimi ilk işim vətən qarşısında hərbi xidmət borcumu yerinə yetirməkdir deyərək əsgərliyə yollanması, hərbi xidməti dövründə hər zaman nümunəvu xidmət etməsi barədə, onun vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb.Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva şəhidimizin ata-anasına müraciətlə hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.
O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrləri Sevinc Alırzayeva və Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıblar. Tədbirdə iştirak edən bir sıra QHT rəhbərləri, qazilərimiz, qəhrəman şəhidimizin təhsil aldığı məktəbin direktoru, müəllimləri də çıxış edərək şəhid Əmiraslan Xeyirbəyovun qəhrəmanlıqlarından söz açıblar. Məktəbin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirləri söyləyib, mahnıları oxuyublar. Rəsmi hissədən sonra qəhrəman şəhidimizin xatirəsinə Şəhid Bulağının açılışı olub. Sonra tədbir iştirakçıları kəndin qəbistanlığında qəhrəman şəhidimizin məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar . Millət vəkili Q.Paşayeva “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrləri Sevinc Alırzayeva və Aida Eyvazlı şəhidimizin ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman yanınızdayıq deyiblər. Onlar kənd sakinləri, müəllimlər və məktəblilərlə də görüşüblər.
Millət vəkili Q.Paşayevanın anım tədbirində çıxışının videosunun linklərini burdan izləyə bilərsiniz.