Gələn ildən Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv ediləcəyi və ödənişli yerlərin sayının təhsil müəssisələri tərəfindən verilən sifarişə əsasən müəyyənləşdiriləcəyi nəzərdə tutulur. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Qəbul planı yerlərinin yalnız dövlət sifarişi üzrə müəyyənləşdiriləcəyini deyən Y.Piriyevin sözlərinə görə, qeyd edilən məsələ ""Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda da nəzərdə tutulub: “Gələn ildən başlayaraq, qəbul planında ödənişli əsaslarla plan yerləri ayrılmayacaq. Bu yerlərin sayını universitetlər potensial imkanlarına uyğun olaraq, özləri müəyyənləşdirərək formalaşdıracaqlar”.Y.Piriyev qeyd edib ki, universitetlərə ödənişli əsaslarla tələbə qəbulunun aparılması üçün onların elmi-pedaqoji potensiallarına, maddı-texniki və tədris-laboratoriya bazasına müvafiq olaraq ixtisaslar üzrə maksimal hədd müəyyənləşdiriləcək: "Onlar bu plandan çox tələbə qəbulu apara bilməyəcəklər. Hazırda tələbə qəbulu planının formalaşdırılmasının yeni mexanizmi işlənilir".