Allahşükür Paşazadə ordenlə təltif olundu

Allahşükür Paşazadə ordenlə təltif olundu backend

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə İnquşetiyanın ordeni ilə təltif olunub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 14-də İnquşetiyanın Maqas şəhərində keçirilən "Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur" mövzusunda Beynəlxalq İlahiyyat Konfransında çıxış edib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam A.Paşazadə Maqas Beynəlxalq İlahiyyat Konfransında etdiyi məruzəsində xalqımızın və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İnquşetiya xalqına və İnquşetuyanın başçısı Yunusbek Yevkurova çatdırıb.

A.Paşazadə dünyada gərginlik ocaqlarının və qanlı qarşıdurmaların sayının durmadan artdığı bir dövrdə mötədilliyə çağırış, dünya dinlərinin dəyərlərinə istinad edərək dinc qonşuluq, millətlər və dinlərarası həmrəylik ideyalarının təşviqinə həsr olunmuş Maqas Konfransını olduqca aktual və həyati əhəmiyyətli tədbir kimi dəyərləndirib.

Şeyxülislam xüsusi vurğulayıb ki, səmavi dinlərin nümayəndələrinin Maqasda bir araya gələrək mənəvi sahədə ümumi hədəf və vəzifələri ifadə edən bəyannamə qəbul etmələri dinlərarası dialoq işinə öz dəyərli töhfəsini verəcək və dini müstəvidə qarşıdurma yaratmaq niyyətində olan qüvvələrə tutarlı cavab olacaq.

QMİ sədri Qafqazda sülhə xələl gətirən məqamlar sırasında Qarabağ problemini konfrans iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, məhz bu münaqişə postsovet məkanında separatizm, etnik təmizləmə və millətlərarası münaqişənin əsasını qoyub. Şeyxülislam postsovet məkanında bütün münaqişələrin sülh yolu ilə həllinə yönəlik bütün səyləri dəstəklədiklərini və bu işə Uca Yaradandan xeyir-dua dilədiklərini bildirib.

İnquşetiyanın başçısı cənab Y.Yevkurovun dəvəti ilə Maqasa səfər edən QMİ sədrinin himayədarlığı ilə keçirilən tədbirdə çox sayda müsəlman dini liderləri, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri, Ümumdünya müsəlman alimləri birliyinin Baş katibi doktor Əli Əl-Qaradaginin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Konfransda Vətəndaş vəzifələri və Vətənə məhəbbət haqqında İnquşetiya İlahiyyat Bəyannaməsi və digər yekun sənədlər qəbul edilib.

Konfransın gedişatında Y.Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni “Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” İnquşetiya Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edib. O, Şeyxülislamı Qafqaz üçün dəyərli şəxsiyyət kimi səciyyələndirib və Maqas Konfransında yaxından iştirakına görə ona təşəkkürlərini bildirib.

Səfər çərçivəsində İnquşetiya Prezidenti Y.Yevkurov QMİ sədri Şeyxülislam A.Paşazadəni qəbul edib. Görüşdə Azərbaycanı çox sevdiyini, onun xalqına və şəxsən zati-aliləri Prezident İlham Əliyevə böyük ehtiram bəslədiyini bildirən Y.Yevkurov ölkəmizə səfərlərilə bağlı təəssüratlarını Şeyxülislamla bölüşüb, uğurlarımıza ürəkdən şad olduğunu deyib. Y.Yevkurov Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin inquş xalqının ən çətin zamanlarında nümayiş etdirdiyi xoşməramlı münasibəti unutmadıqlarını və dahi şəxsiyyətin xatirəsini hər zaman ehtiramla yad etdiklərini diqqətə çatdırıb.

Qardaş xalqlar arasında səmimi münasibətlərin və əməkdaşlıq əlaqələrinin dərinləşməsində Şeyxülislam A.Paşazadənin böyük xidmətləri olduğunu rəğbətlə vurğulayan İnquşütiyanın başçısı, QMİ sədrinin Qafqazda sülhpərvər missiyası və beynəlxalq müstəvidə dinlərarası dialoq istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib.

Azərbaycanda hökm sürən dini tolerantlıq və multikultural həyat tərzinin olduqca dəyərli olduğunu bildirən Y.Yevkurov Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Maqasa səfər edən Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı və Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayevi fəal ictimai-siyasi və dini-ictimai fəaliyyətlərinə görə, İnquşetiya Respublikası Prezidentinin Fəxri fərmanı ilə təltif edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.
Diaspora