Vaxtilə Ağdam şəhərinin mərkəzində ucaldılan və rayonun memarlıq nümunələrindən hesab edilən, 1993-cü ildə isə ermənilər tərəfindn yandırılaraq məhv edilən çay evinin bənzəri Quzanlı qəsəbəsində inşa edilərək istifadəyə verilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib. Çıxış edənlər son illərdə rayonda aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışıblar. Bildirilib ki, bu il Quzanlı qəsəbəsində avtovağzal kompleksi və mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik litseyin binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbimnin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.Bildirilib ki, 1986-cı ildə akademənik Xudu Məmmədovun ideyası ilə inşa edilən və Ağdamın simvoluna çevrilən məşhur çay evinin bənzərinin bu gün Quzanlıda tikilməsinin ağdamlılar üçün xüsusi əhəmiyyəti var. Əminliklə bildirilib ki, düşmən tapdağında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və məşhur çay evi Ağdam şəhərində yenidən ucaldılacaq.
Rəmzi lent kəsildikdən sonra iştirakçılar çay evi ilə tanış olublar. Yeni yaradılan parkda inşa edilən Çay evi ağdamlıların ən sevimli istirahət guşələrindən birinə çevriləcəkdir.