Tədbirlərin birində şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə rastlaşanda ətrafdakı şəhid ailələrinin nümayəndələrinə, qazilərə yeni yaradılan təşkilatın təqdimatının aprelin 2-də keçiriləcəyini söyləyirdi.
Novruz bayramından sonra görüşüb “Aprel-2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin məramı, yaranma məqsədi barədə söhbətləşmək üçün vədələşdik. Söz vaxtına çəkər deyirlər, aprel döyüşlərinin başlanma ərəfəsində görüşdük Sevinc xanımla. Əvvəlcə yeni təsis olunan cəmiyyət barədə danışmasını istədik:- Bu layihə əslində şəhidlərin özləri tərəfindən başladılıb. 2016-cı ilin aprelinə kimi cəmiyyətə qarşı bir ümidsizliyimiz vardı, düşünürdük ki, Vətən, torpaqla bağlı dəyərlər daha cəmiyyətə maraqlı olmaz. İnanın, ordunun ən dəyərli zabitləri, əsgərləri həyatından keçmək bahasına torpaqlarımızın bütövlüyü uğrunda vuruşanda sanki bu hisslər üzə çıxdı. Torpaqlarımızın 20 faizinin işğal olunmasından 25 ildən çox vaxt keçib, amma insanlar hələ də torpaq axtarır. O eşqi öldürmək mümkün olmayıb, torpaqlarımızı hələ də həsrətlə gözləyirlər. Şəhidlər bu yol uğrunda savaşdılar, mübarizə apardılar. Aprel döyüşlərindən sonra fikirləşirdim ki, onsuzda insan öləridir, onlar isə ölümsüzdürlər, amma necə edək, azca da olsa yeni yetişən gəncliyə bu dəyərləri təlqin edək. Jurnalist Aidə Eyvazlı ilə cəmiyyət yaratmaq barədə qərara gəldik. Ağrı axı səngimir, həmişə qəlbdədir. Dedik, nə isə edək ki, onların gördüyü işi yaşadaq, gələcək nəslə daşıyaq. Aida xanım şəhid ailələrini bir-bir gəzib, hamısını tanıyır, dərdinə şərikdir. Beləcə “Aprel-2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis etdik.
- Deyəsən, hələ geniş ictimaiyyətə təqdim olunmayıb...
- Təşkilatın ilk təsis yığıncağı 2017-ci ilin oktyabrında olub. Sonra hüquqi işləri başlatdıq, tanıtım tədbirimizi Aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin ildönümü ərəfəsində keçirməyi planlaşdırırıq. Məramımız Vətən torpaqlarının qorunması uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılması və xatirələrinin əbədiləşməsi, təbliği, gənc nəslin bu ruhda tərbiyəsinə çalışmaqdır. Şəhid ailələrinin bir yerə toplaşması, ağrı-acıların bölüşülməsi üçün Yeni ildə, Novruz bayramı ərəfəsində tədbirlər təşkil etməyə çalışdıq. Neçə ailə ilə tanış oldum, söhbətləşdik, demək olar ki, heç birinin maddi dəstəyə ehtiyacı yoxdur, kiminsə onların ağrı-acılarına şərik olduğunu görəndə onlara sanki sevinc bəxş edirsən. Millət vəkilimiz Qənirə Paşayeva bu yaxınlarda gözəl bir tədbir təşkil etmişdi, inanın ailələrin hamısının verilən hədiyyədən çox o mənəvi dəstəyə ehtiyacı vardı, onu da gördülər.
- Sevinc xanım, Sizinlə görüşə gələndə yolboyu yazdığınız o məktubu xatırladım.
- Hə, bir damla həsrət.
- Məktub KİV-də də yayılmışdı, sosial şəbəkələrdə hamı ondan danışırdı. O məktub Raquf Orucovu tanımayanlara tanıtdı, dili axıcıydı, Sizin qədər heç kəs polkovnik-leytenantı o cür tanıda, bəlkə də kimsə onun barəsində o cür yazı qələmə ala bilməzdi.
- Başqa ailələrdə bilmirəm necədir, bizim ailədə uşaqlarla ata və ana arasında, yaxud bizim qarşılıqlı münasibətimiz hörmət əsasında qurulmuşdu. Ailənin heç bir üzvü bir-birimizi ayrı təsəvvür edə bilməzdik, düşünməzdik ki, kimsə aramızda olmaya bilər. Bu, qəfil ayrılıq, gözləmədiyimiz bir faciə idi. Bilirsiniz, o, necə insan idi? Raquf Orucovun gözlərində həmişə həsrət görürdüm. O anasını, torpağını itirmiş və Ağdamda anasını şəhid qoyub çıxmış bir insan idi. Həmişə o acısını hiss edirdim. Çox fərqli idi, hər zaman səngərdə xidmət etmiş zabit idi, şəhərə gələndə sıxılırdı, boğulurdu. Amma belə tez gözləmirdim, nə bilim... Biz Ağdamda, cəbhə bölgəsində olanda həsrətli baxışı vardı, deyirdi, o torpaqlara bir gün gedəcəyəm. Məktubu xatırlatdız, təzə şəhid olmuşdu, şəhidliyin axşamı Qənirə xanım bizə gəlmişdi, tanıyırdı onu. Dedi, onun haqqında bir yazı yazılmalıdır, dedim, mən özüm yazacağam. Çünki onun keçirdiyi ağrını-əzabı, hərbi həyatının ağırlığını, çətinliklərinin şahidi idim. Onun Vətən sevgisinə başqa heç bir sevgi üstün gələ bilməzdi, o sevginin böyüklüyünü görmüşdüm. Hərbi sahədə o qədər müddət çalışmışdı, onun haqqında heç kəs pis bir şey danışmazdı. Bilirdim iki, kiminlə evliyəm, kimin xanımıyam, amma bu qədər saflığını, insanlar tərəfindən bu dərəcədə sevildiyini təsəvvür edə bilmirdim. Bu, başqa bir şeydir, insanlığın üstüdür. Onda məğrurluq vardı, heç kəsə əyilməzdi, həmişə deyirdim ki, bəlkə də sən bu ölkənin ən kasıb komandirisən, cavabında deyirdi ki, mənim əqidəm var, o əqidə mənə bəs edər. Onun dəfn günündə bunun şahidi oldum. Özünə belə ölüm arzulamışdı, ona da nail oldu. Bizim millətin bir yaxşı xüsusiyyəti var, kimisə sevirsə, o sevgini qısqanclıqla yox, bariz şəkildə göstərir. 2 ildir məndən soruşurlar ki, sənə Raquf Orucovun şəhid olduğunu kim xəbər verdi? Deyirəm ki, heç kəs, bütün Azərbaycan xəbər verdi ki, o, şəhid olub. Elə bilirdim, yaralı gəlib, sən demə, Sumqayıtın girişindən bizim evə kimi yolqırağı insanlar onu müşayiət edib. Eyvana çıxdım, həyətdə insanlar “Azərbaycan”, “şəhid”, “Raquf Orucov” deyə qışqırırdı. Onda anladım ki, şəhid olub. Yəni bunu bir insan demədi. Bizim çətin həyat tərzimiz olub, hərdən övladlarıma baxıram, özlüyümdə deyirəm ki, onun işinin xətrinə, bu torpaq üçün onlardan çox şey əsirgəmişik, amma əvəzində ikimiz birlikdə Vətən üçün çox layiqli övladlar, dəyərli insanlar, ən əsası adam kimi adam yetişdirmişik. Bəlkə də başqa şəraitdə başqa cür yetişə bilərdilər. Hərdən də fikirləşirəm, yox, Raquf Orucovun övladları elə belə də olmalı idi. Həyat insanı bərkidir. O illər... Şəhid olan zabitlərin içərisində Raquf yaşca ən böyüyü idi. İllərimiz orduda keçib, onunla bərabər ailəlikcə xidmət etmişdik, bərkimişdik. Cəbhə bölgəsində hadisələr olanda, şəhid verəndə Raquf o qədər fikir edirdi, deyirdi, əsgərim şəhid oldu, həyəcan keçirirdi, çox pis olurdu. Mən də həmişə soruşurdum ki, onun anasına bu xəbəri necə verdilər, o necə qarşıladı. Sanki eşitdiyim o xəbərlər məni hazırlamışdı. 17 ildə həmişə telefon başımın altında yatırdım, elə bil bu xəbəri gözləyirdim.
- Şüuraltı...
- Hə, qorxu ilə gözləyirdik, deyirdim, mən hazır olmalıyam... Hər yatanda o qədər dua edirdik ki, ona bir şey olmasın, cəbhədədir, hər yer minadır. Böyük oğlum belə bu dualarla böyümüşdü, yatmazdan əvvəl dua edirdi ki, Allah atasını qorusun. Həmişə cəbhə bölgəsində yaşamışdıq, hər gün ala biləcəyimiz xəbər kimi baxırdıq, elə bil alışmışdıq.
- Hərbçilərin ailəsi, adətən, köçəri olur. Uzun müddət cəbhə bölgəsində yaşamısınız?
- Əvvəllər çox qalırdıq, məktəblə əlaqədar şəhərə gəldik, amma Raquf harada xidmət edirdisə, bir ayağımız orada olurdu, vaxt tapan kimi gedirdik ki, uşaqlarla bir-iki gün birgə olsun, ev yeməyi yesin. İndi çox təsəlli verirlər. Bu yaxınlarda Aqil Abbas gəlmişdi, dedi, kim deyir şəhidlər ölmür? Şəhidlər ölür! Qapını açıb içəri girmirsə, demək, yoxdur, bunu qəbul edək, təsəlli üçün deməyin, uşağın atası evə gəlmir axı. Baxırsan, doğru deyir, 2 ildir gəlmir... Deməklə deyil. Böyük arzuları vardı. Azərbaycanın bugünkü dövründə onu və onun kimi oğulları itirəsi vaxt deyildi. Çox tez itirdik. Ailə üçün bir dərddirsə, Raquf və onun kimi ərənləri millətim üçün böyük itki sayıram. Hərəsi bir qəhrəman, hərəsi bir igid.
- Hərbçi həyatı nə qədər çətindirsə, onun həyat yoldaşı bu çətinliyi onun özü qədər, bəlkə də daha çox yaşayır. Adi bir telefon zənginə, hər gələn xəbərə görə keçirilən həyəcan, stress...
- Məcbursan, kim ki bu həyata alışa bilmir, çətinliyi çox olur. Həqiqətən çox mürəkkəb həyat tərzimiz olub, bölgələri qarış-qarış, Murovdan belə gəzmişik. Amma öyrəşmişdik, Raquf yanımızda olduğuna görə çətinliklər gözümüzə balaca görünürdü, problem olanda deyirdik, həll edəcək, nə problemdir ki?! İndi şəhərin mərkəzində rahat şəraitdə yaşayırıq, yanımızda yoxdur, adi, kiçicik problem dağa çevrilir.
- Səhv etmirəmsə, ixtisasca hüquqşünassınız. Qadınların çoxu çətinlikləri gözə alıb hərbçi ilə ailə qurmaqda tərəddüd edir. Amma Siz...
- Mən, əksinə, sənətinə vurğun olmuşdum, ailə quranda artıq Raquf Kəlbəcərdə məşhur əməliyyatlarını eləmişdi, Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülmüşdü. Öz sözünü demiş zabitlərdən idi. Mən onda bir işıq görürdüm. Bir gün, bir an belə onunla ailə qurduğuma görə peşman olmadım. Elə insanlar, kişilər azdır. Harasa gedəndə kimsə məni tanıyanda, deyirəm, Raquf Orucovun həyat yoldaşıyam, özümü bu cür təqdim edirəm.
- Qohumlar hər nə qədər dəstək olsa da, ağırlıq Sizin üzərinizə düşür.
- Heç vaxt övladlarımın yanında ağlamadım. Balaca oğlumuzun xəstəlikləri çox olmuşdu, yoldaşım onu həddən artıq çox istəyirdi. O uşaqla arasında qəribə bağlılıq vardı. Nihad da ona çox güvənirdi. Heç yadımdan çıxmaz, qaynım, babaları ilə bir yerdə Goranboyda Ağcakənddə bir istirahət yeri vardı, ora getdik, dedik, axşama Ağdama qayıdarıq. İstirahət parkında gəzinti maşını vardı, oğluma yer olmadı, maşından düşürdülər. Nihad onu düşürən oğlana cavab verdi ki, sən bilirsən, mən kimin oğluyam? Oğlan Nihaddan neçə yaş böyük idi, amma tutuldu, soruşdu ki, kimin oğlu? Nihad da ürəklə, şəstlə dedi ki, komandirin, yəni məni düşürə bilməzsən, təzədən maşına mindi. Atasına çox güvənirdi. Evdə bir balaca problem çıxan kimi qayıdırdı ki, atamın əziz oğluyam, ona məktub yazırdı. Çox maraqlıdır ki, atasının ölümünə ailə üzvlərimizdən çox fərqli yanaşdı. O daşı qəbul etmədi, daşlaşmış məzarına yaxın durmadı, öz ürəyində saxladı. Atasının məzarına çox aparmıram, bir-iki dəfə getdik, gördük yaxın durmur. Heyvan, bitki sevərdir, güllər əkmişik, yayda dedim ki, gedək gülləri sulayaq, solmasınlar, inciyərlər bizdən. Bitkilərin xətrinə getdi, su daşıyırdı, gülləri məzar daşının arxasına əkmişik, məzarın üst tərəfinə baxmadı, atasının orada olduğunu qəbul etmir. Çox dərin düşüncəli uşaqdır, cənazə evə girən kimi dərk etdi ki, atası yoxdur. Getdi yatağına girdi ki, mənə mane olmayın, yatıram. Aprelin 2-si yaxınlaşır, o gün, o hava sanki beləydi, bütün gecəni insanlar yatmadı, mənimlə bərabər onlar da oyaq qaldılar, səhər açıldı, gördüm hamı həyətdədir. Evdən Şəhidlər Xiyabanına qədər onu əllərdə, insan seli ilə daşıdılar. O gündən sonra uşaq ata sözünü dilinə gətirmədi, elə bil ürəyində bağladı, qoydu. O balaca ürəyi ilə məni düşünür. Evdə oyuncaq əsgərləri var, Raquf evə gələn kimi gətirib düzürdü, komandası vardı, deyirdi, bax belə hücum elə. Bəzi oyuncaqların ayağı, qolu qırılıb, öz şkafı var, o gün baxıram ki, hamısını ora yığıb, guya palata düzəldib müalicə edir, ümidi var ki, onlar sağalacaq.
- İndi neçə yaşı var?
- 12 yaşı oldu. Təzəlikcə hərb kinosuna baxırdı, deyirəm, ay Nihad, ağrılı kinodur, orada da oğlan şəhid olurdu, o gördü ki, mənə pis təsir edir, tez kanalı çevirdi, dedi, yox ey, lazım deyil, baxmayaq. Çox fərqli uşaqdır, üsyankar deyil, hər şeyi içində udmağı bacarır. Hərdən danışdırıram ki, bəlkə bir söz deyər ürəyi boşalar. Ötən gün rusca bir kəlmə dedi, söylədi ki, nənəsi, qardaşı başa düşməsin təkcə mən anlayım. Mama, davayte, naçnyom vsyo snaçala. Gördü mən pis oluram, dedi, bəsdir, gəl, hər şeyi təzədən başlayaq. Deyirəm axı onsuz olmaz. Raquf evə gələndə həmişə toy-bayram olurdu. Hamı yığılırdı, qayınlarım gəlirdi, qohumlara zəng edirdik ki, gəlin bizə. Elə bil evin hər yerindən gülüş yağırdı, xoşbəxtlik demək doğrudan o imiş, axtarmaq lazım deyilmiş. Həqiqətən xoşbəxt ailə olmuşuq. Çətinlikləri boş vermişdik, nə isə tapdın-tapmadın, harada qaldın-qalmadın, boş şeylərdir, xoşbəxtlik uyumlu olmaq, bir-birini tamamlamaq imiş. Raquf gedəndə yenə səssizlik çökürdü, boşluq yaranırdı. İndi o boşluq ömürlükdür.
- Bakıda tək qalırsınız?
- Anam bizə böyük dəstəkdir. Böyük oğlumun artıq 18 yaşı var. Universitetdə oxuyur, bu il qəbul oldu.
- Hansı ixtisası seçdi? Xatırladım, mediada da bu barədə xəbər yayılmışdı.
- ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır. Atasının arzusu idi. Təxminən 4-5 il əvvəl Raquf evə gəlib soruşdu ki, ADA adında universitet var? Dedim, hə, təzədir, yaxşı universitetdir. Söylədi ki, iş yoldaşımın oğlu ora qəbul olub, amma ödənişi etməyə pulu çatmır. Uşaq yaxşı uşaqdır. Onun fikrini çəkirdi, necəsə imkan yarandı, öz aralarında pulu yığıb köməklik elədilər ki, uşaq oxusun. Gəldi dedi ki, Aqşin yaxşı oxu, sən də o universitetə qəbul ol. Elə ancaq sözü bu idi ki, Aqşin oxu, yaxşı təhsil al. 2 ildə zaman necə dəyişib fərqində ola bilmədim, hərdən fəsillərin dəyişməsinə heyrət edirəm, qış idi, bir də baxıram yaz gəldi, onu hiss etmirəm artıq. Bilirsinizmi necə qadın olmuşam?! Məndə həyat eşqi vardı, mətbəx işlərini sevərək edirdim, gələn-gedən qonaqlara növbənöv yeməklər hazırlayırdım, indi yemək bişirməyi özümə dərd edirəm, əlim açılmır. Artıq robotlaşmışıq, təki bir günümüz də keçsin... Bir də baxıram ağac yaşıllaşıb, deyirəm, nə tez gəldi bahar.
- Raquf Orucovun xatirəsi ilə bağlı idmançılar da dəstək olur. Beynəlxalq cüdo turniri keçirilir, “Qarabağ” futbol klubunun azarkeşləri Çempionlar Liqasının təsnifat mərhələsindəki qarşılaşmada Raquf Orucovla bağlı pankart açmışdı.
- “Qarabağ” komandasının İmarət fan klubunun üzvləri Raqufu çox istəyir. Sumqayıtda oyun olanda gəlib məzarını ziyarət edirlər. Cüdo üzrə də ənənəvi beynəlxalq turnir keçirilir. Aprelin 20-də növbəti yarış olacaq. 10 ölkənin cüdoçuları iştirak edəcək. Keçən il gürcülər qazandı. Hərə bir üsulla bu qəhrəmanın izini yaşatmaq istəyir, dəstək verənlər sağ olsun. Dəstək verənlər içərisində məmurlarımızdan da var. Deyirlər, çox adam umursamır. O fikirlə razı deyiləm. Vətənə bağlılıq, torpaq yolunda canını fəda edən insanları qiymətləndirmək canda, qanda olmalıdır. Nə qədər bu dəyərləri qaldırsaq və aşılasaq, sözə baxmayan, bizi eşitməyən, qulağını tıxayan məmur da cəmiyyət tərəfindən şəhidə, qaziyə qoyulan hörməti görüb, məcbur qalıb o da hörmət edəcək. Təbliğatın əsası bağçadan başlamalıdır. Cəmiyyətin önəmli şəxsi olduğunu, kimlərə qiymət verildiyini o uşaqlar bilməli, onlara oxşamağa çalışmalıdırlar. Öyrənmək istəyən gənclərimizi görəndə, özlüyümdə dedim ki, yox, vaz keçməyim, davam etməyə dəyər, ona görə bu təşkilatı yaratmaq qərarı verdik. Hələ çox şeyə ümid var. Cəmiyyət belə insanların qədrini bilsinlər, düzgün mövqe tutsunlar.
- Məmurları dediniz, bəzən mediada şəhid ailələrinin qarşılaşdığı hansısa süni əngəl yaxud problem barədə oxuyuruq. Şəhid ailələri ilə daha çox təmasdasınız, özünüz yaxud şəhid ailələri arasında hələ də məmurlar tərəfindən kobud rəftarla qarşılaşan var?
- Bəzi şəhid ailələri gəlir ki, filan məmur mənə belə yanaşdı. Mən çalışıram, bacardığım qədər onlara müraciət etməyim. Yaxud elə qapını döyüm ki, o qapıdan mənə layiqli dəyər veriləcək. Dəyər başa düşməyənin qapısını niyə döyməliyəm?! Raquf Orucov şəhid olub deyə, kiməsə minnət də qoya bilmərəm. O adı öz Vətən eşqinə, şəhidliyi öz adına, axirətliyinə yazdırıb. O yolu gedəndə hansısa mənsəb barədə fikirləşməyib. Mən o adın ucalığını qorumağa çalışıram. Bizə mənəvi cəhətdən elə bir sərvət qoyub ki, hər şeyə görə o adı hallandırmağa dəyməz. Övladlarıma da deyirəm ki, çalışın, hər şeyi özünüz qazanasınız, onun adına layiq yaşamağı bacarasınız. Ümumilikdə cəmiyyətdə dəyərləri, şəhidə verilən hörməti, qaziyə qoyulan sayğını yüksəltsək, məmur ictimai qınaqdan çəkinəcək, özü üçün nəticə çıxaracaq. O məmur da bu xalqın içindən çıxıb, onu da biz yetişdirmişik, onu nə dəyişdirib deyə bilmərik, amma o da bizdən biridir.
- Son vaxtlar qəribə tendensiya yaranıb, gündəmə uyğun olaraq müzakirələr açılır, hansısa hadisələr ancaq ildönümü ərəfəsində xatırlanır. Aprel ayı başlar-başlamaz həmin günlər xatırlanacaq, sosial şəbəkələrdə şəhidlər barədə çoxlu statuslar yazılacaq, bir neçə gün sonra yenə başqa mövzu ətrafında müzakirələr aparılacaq. Bu hala münasibətiniz necədir?
- Mən onu dəfələrlə hiss etmişəm, sosial şəbəkədə məşhur olan yazanlara da bu barədə deyirəm. Kiçik Zəhra öləndə o tendensiya məni çox ağrıtdı, ən uzağı 5 gün yazıldı, danışıldı, bizim unutmağa haqqımız yoxdur axı. Belə bir söz var, deyir, unutsan, unudularsan. Dəbdə olan mövzuları işıqlandırmağı sevirik, dərindəki sosial problemlərin kökünü axtarmağı sanki xoşlamırıq. Düz deyirsiz, aprel olanda yazılır, elə bizim də məqsədimiz odur ki, unutdurmayaq. Məktəblərdə, universitetlərdə bu təbliğatı daim aparaq, bu iş dayanmadan görülsün. Çünki deyiləcək, sözümüz, görüləcək işimiz çoxdur. Bu igidlər bu yolun başlanğıcını qoydular, biz hələ nə etmişik ki. Bu yaxınlarda tədbirdə də dedim ki, Xocalıya görə danışmağa haqqımız yoxdur, ailəm neçə şəhid verib, amma başımı qaldırmağa utanıram. Bu yükü uşaqlarımızın boynuna qoyub gedə bilmərik. Yeni nəslə nəyə görə, hansı ərklə ötürək ki? Nə qədər ki real düşmənimiz var, başqa mövzudan danışa bilmərik. Birinci Qarabağ müharibəsindən bəri 30 minə yaxın şəhid vermişik. O ruhlar nigarandırlar, hələ onlara veriləcək cavabımız yoxdur...
Teleqraf.com