Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içməsi təklif olunur.
Milli Məclisdən APA -ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna yeni 15-1 maddəsinin əlavə edilməsi təklifi irəli sürülüb.Yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir.
And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Layihə Milli Məclisin müzakirəsinə təqdim olunub