İyunun 6-da Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılacaq.
Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Dnepropetrovsk-Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini “Dniproavia” aviaşirkəti həyata keçirəcək.Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev Trend-ə bildirib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbənin Vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.
Onun sözlərinə görə, Dnepropetrovsk-Bakı təyyarə reysi, həmçinin Xarkov, Zaporojye, Donetsk, Poltava və Sumı vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək. Şərqi Ukraynada yaşayan soydaşlarımız Vətənə getmək üçün hökmən 600-700 km məsafə qət etməklə məcburən Kiyev-Bakı təyyarə reysindən istifadə edirdilər.
”Dniproavia” şirkətinin məlumatına görə, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07:30-da Dnepropetrovsk şəhərindən, 14:10-da isə Bakıdan həyata keçirəcək.
Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.