Bədbəxt hadisələrin sayında azalma qeydə alınıb

Bədbəxt hadisələrin sayında azalma qeydə alınıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az saytına verilən xəbərə görə, cari ilin aprel ayında Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma qeydə alınıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin aprel ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20-dən 12-yə enib.

Ötən ilin aprel ayında istehsalatla əlaqəli qrup halında 3 bədbəxt hadisə qeydə alındığı halda, son bir ayda iş yerlərində belə hadisə baş verməyib. Həmçinin aprel ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 54,5 faiz, xəsarət alanların sayı isə 50 faiz azalıb. DƏMX istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işlərinin aparılmasını və qanunauyğun tədbirlər görülməsini təmin edib.

Ölkədə çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayının azalması əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən ardıcıl təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsidir. DƏMX tərəfindən ötən ilin sentyabrında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”nin, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”nün, aprel ayında isə “Təhlükəsiz iş aylığı”nın keçirilməsi də bu sahədə xüsusi önəm kəsb edib.

Həmin tədbirlər çərçivəsində Bakıda və respublikanın bölgələrində işəgötürənlərlə görüşlər keçirilərək, əməyin mühafizəsi norma və standartları, qaydaları barədə onlara dolğun məlumatlar verilib. Habelə istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üçün nəzarət tədbirləri həyata keçirilib, onlarda əməyin mühafizəsi sahəsində aşkar olunan nöqsanların aradan qaldırılmasına yönələn məqsədyönlü işlər görülüb.
Diaspora