Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə bu gun Bakıdakı şadlıq saraylarından birində şəhid ailələri və Qarabağ qazilərinin iştirakı ilə Novruz bayramı şənliyi təşkil edilib.
Axar.az xəbər verir ki, tədbirdə Füzuli Məmmədov, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Haluk Pekşen, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov, eləcə də şəhid ailələri və Qarabağ qaziləri iştirak edirdi.Tədbiri açıq elan edən Şəmistan Əlizamanlı iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdi. Daha sonra o, repertuarından bir neçə mahnı ifa etdi.
Tədbirdə çıxış edən türkiyəli millət vəkili Haluk Pekşen Azərbaycan-Türkiyə münasibətlərindən bəhs etdi. O, Bakı-Tiflis-Qars layihəsinin əhəmiyyətindən danışdı. Haluk Pekşen bu layihənin Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, bu layihənin işə düşməsi Azərbaycan üçün 87 milyard avroluq gəlir deməkdir:
"Bakı-Tiflis-Qars layihəsinin həyata keçirilməsi ilə Azərbaycan dünyanın yeni iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir".
Daha sonra türkiyəli millət vəkili Qarabağ problemindən danışdı: "Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir. Sizin gözləriniz dolanda bizim də gözlərimiz dolur. Sizin qəlbiniz çırpınanda bizim də qəlbimiz çırpınır. İnşallah, Azərbaycanın Qaraqbağ problemi həll olunacaq. O zaman mən yenə Azərbaycana səfər edəcəyəm. Amma millət vəkili kimi deyil, Haluk Pekşen kimi səfər edəcəyəm".
Tədbirdə daha sonra "Savalan" qrupunun solisti Novruz Novruzlu çıxış etdi. Tədbir iştirakçılarını təbrik edən musiqiçi "Bil, oğlum" mahnısını ifa etdi.
Qeyd edək ki, tədbirdə Füzuli Məmmədovun 6 Qarabağ qazisi-şəhid ailəsinə - Kamil Musəvi, Eşqin Hüseynov, İlkin Talibov, Arzu Məmmədov, Nəzər Abdurrəhmanov, Ramin Vəliyevə ev hədiyyə etdiyi açıqlandı.