Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir.
Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq, müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı idi: “Torpaq haqqı” deyən sözün düzünü söylərdi. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: səndən hərəkət, məndən bərəkət”, “Torpaqla əlləşən ac qalmaz”.
Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbəsi bayramı tədbirilə Torpağı oyatmağa çalışırlar.
Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.
Torpaq çərşənbəsində əkinçilər əkin – biçinə başlayır. Yer şumlanır, toxum səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayardılar, bunu edə bilməyənlər, heç olmasa, torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkin vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanar və su üstündən tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanar, hamı od ətrafında dövrə vurub şadlanarmış.
Torpaq çərşənbəsinin özünəməxsus inancları, xüsusiyyətləri vardır. Həmin gün insanlar öz qohumlarını yad edir, onlara qonaq gedir, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarət edirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanırmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhval-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq gətirər.
Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtməsi, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” deməsi bu ayinin əsas tərkib hissələrindəndir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac yaxşı bar verəcək, zaminəm” deyirmiş.
Bu çərşənbədə evdən od, neft, kibrit, ağartı məhsulu verilməsi düzgün hesab olunmur. Axır çərşənbə öz falları ilə də əlamətdardır. Çərşənbə süfrəsində yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmiş. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları ərik ağacının altında basdırarlarmış.
Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdır.
İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri, sevən oğlanların sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış.
İlaxır çərşənbədə subay qızlar fala baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərmişlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.
İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxar, eşitdikləri sözlə niyyətlərini yozarlar.
Torpaq çərşənbəsində süfrələr daha təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa qoyulur. Çərşənbə xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğal Günəşin, istiliyin, şəkərbura Hilalın – Ayın, paxlava Ulduzun rəmzidir. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.
Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin İslamdan öncə “ş”, İslamın qəbulundan sonra “S” hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son Çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, İslamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənmişdi.
Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanarmışlar.
Səməni ovsununda oğul-qız sahibi olmuş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Övlad sahibi olan başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi.
Başqa bir variantda “A səmənini göyərdən, bu gəlini də göyərt” də deyərmişlər. Burada axıdılan suyu kişi başlanğıcı kimi götürürlər.
Səməni nəziri adəti də bu günə kimi ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər. Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlamına gəlir.
Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Ekoloji cəhətdən təmiz olan bu halva çox faydalıdır.
İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçdikcə müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır.