Ölüləri basdırmağa yer axtarıram...

Ölüləri basdırmağa yer axtarıram... backend
Bizimkilər adətən yasda görüşürlər. Onu da dünyasını dəyişənin xəbərini təsadüfən kimdənsə eşidib özünü üçə, yeddiyə, ya da qırxa güclə çatdıranda. Səpələnmişlərin xəbərləri də səpələnib gəldiyindən gec çatır.

Daha yas məclislərindən əvvəlki ağlaşma səsi eşidilmir. Hamı özü-özünü ağladığından ağlaşmadan doymuş kimidir.

Çoxdan görüşmədiklərindən yas yerlərində eldən-obadan, olub-keçənlərdən danışıb o illəri yada salır, xatirələri bölüşürlər. Adlarını unutduqları könhə kişilərin, yerlərin adını bir-birindən soruşandan sonrakı “hə, yadıma düşdü” deyib, başını silkələməsini molla “Allah rəhmət eləsin” kimi qəbul eləyir.

İnsan mütəmadi görmədiyi yerləri tez unudur. Çoxdan görmədiyi adam kimi.

Göz yaddaşı ayrı şeydir. Ömründə ilk dəfə gördüyün adamı görüb gözündən, hərəkətindən hansısa doğmasına oxşadırsan.

Adam uzaqlarda qalan, gedə bilmədiyi yurddan danışanda olduğu yeri unudur. O günlərə qapanıb qalır, uşaqlıq yaddaşını çözələyir. Sonrasını görmədiyimizdən bizim o yerlərlə, o insanlarla bağlı böyük yaddaşımız olmadı. Nə qaldısa uşaqlıq yaddaşında qaldı.

İnsan daha çox yaşadığı xoş, sevincli anları xatırlayır.

Gənclik görməyən, gəncliyi yaşamayan bizimkilər uşaq ikən yaşlandığından yasda hamıdan seçilirlər. Xoş olmayan illər yaşanmamış illərdir. Gəncliyindən danışmayan adam uşaq ikən qocalan adamdır.

Hamı yanındakına tanıdığı adamı təqdim edir: “Tanıdınmı? Bir əməlli bax”.

Bir yerdə oynadığın, oxuduğun adamı tanımadığından utanırsan. Elə o da. Dərd, itki insanı tez qocaldır. Dəyişdirir, özünə oxşadır.

Keçmişiylə yaşayanların üzünün qırışında itkilər cığır açır.

Başı söhbətə möhkəm qarışdığından hamı mollanın “Fatiə!” sözünə ayılıb ölü yiyəsinin diqqətini çəkməsin deyə əlini tez üzünə çəkir. Və başlayır söhbətini davam eləməyə. Dərdləşməyə. Hal-əhval bilməyə. Ölənlərdən-qalanlardan xəbər tutmağa, indi harada yaşadığını sormağa. O da məskunlaşdığı yeri geniş izah edir ki, tanıyasan. Bəlkə, gələsi oldun.

Məclis boyu “Yadına düşürmü” sualı bütün masalardan eşidilir. Barmaqlar göylərdə toqquşur.

“O, kimlərdəndir? Filankəsə oxşayır?” sözləri yas yerini sual atəşinə tutur. Ən ağrılısı “Filankəs nətəridir” sualına “Çoxdan ölüb” cavabından sonra səpələnmiş qəbiristanlığa uçan, dağılan fikirlərin özünə qayıdanda o adamın üzünə təzədən baxmağın olur.

Burda eşitdiyin bəd xəbərlər solğun xatirələrini də elə o yas yerində basdırır. Artıq o xatirələrin iştirakçısı, şahidi yoxdur. “A filankəs, düz deyirəmmi? Sən də ordaydın”, - deyəcəyin adama, adamlara uzadacağın əl qaranlıq quyuya düşür.

Beləcə ölənlərlə yaddaşımız da ölür. Ölü yaddaş gəzdiririk neçə illərdir. Nə o yerlər var, nə o adamlar. O yerlər də adamlar kimi dünyasını dəyişib. Adam ölü yaddaşı yeriyən ölü kimi daşıyır.

Ölünü çox daşımazlar. Ölünü vaxtında basdırarlar. Bizim isə ölənlərimiz o qədər çox ki, onları basdırmağa yerimiz yox. Gözümüzdə, beynimizdə basdırdığımız ölülər düşünməyə imkan vermir.

Ölənlərimiz “Məni yurdumda basdırın. Rahat olum” deyirdilər. Bu elə gözümüzdəkilərə, fikrimizdəkilərə, yaddaşımızdakılara da aiddir. Basdırmadıqlarımız basdıracaq bizi.

Başımdakı, içimdəki ölüləri basdırmağa yer axtarıram neçə vaxtdır. Özlərinin basdırılmaq istədikləri yeri...
Diaspora