Fevralın 26-da Almaniyanın dünyaca tanınmış arxeoloqu professor, doktor Harald Hauptmann və xanımı Salwa Hauptmann`ın Azərbaycana səfəri çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri şəhərdə yerləşən Elmi ekspozisiya şöbəsinə baş çəkmişdir.
Qaziler.az bildirir ki, Professor H.Hauptmann AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin nəzdindəki Arxeologiya muzeyində sərgilənmiş maddi mədəniyyət nümunələri ilə tanış olmuşdur.Muzeylə tanışlıqdan sonra professor H.Hauptmann azərbaycanlı həmkarları ilə neolit və xalkolit dövrü Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin əlaqələri, inkişaf xüsusiyyətləri və d. mövzular üzrə fikir mübadiləsi aparmışdır. Tanışlıq xarakteri daşıyan görüşdə almaniyalı alimi və onun xanımını Azərbaycana dəvət etmiş Türkiyə və Azərbaycan iş adamları və sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat, TÜİB sədrinin mədəniyyət üzrə müavini, yazıçı-publisist Atababa İsmayıloğlu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyev, Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov, İnstitutun əməkdaşları t.ü.f.d. Valeh Ələkbərov və Orxan Zamanov, həmçinin, Qobustan Dövlət tarixi-bədii qoruğunun əməkdaşı Leyla Əliyevə iştirak etmişlər.
Qeyd edək ki, 82 yaşlı arxeoloq professor, doktor Harald Hauptmann 1968-cı ildən başlayaraq uzun müddət Türkiyə Cümhuriyyətində Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori, Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrü Norşuntəpə Höyüğü məskənini aşkar və tədqiq etmiş ekspedisiyaların rəhbəri olmuş, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq etmişdir. Onun Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiyanın əsaslarını təşkil etməkdədir. O, Heydelberq Universitetinin (Almaniya) tarixəqədərki və erkən tarix dövrü professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.



