Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Novruz bayramının ilk çərşənbəsi su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçərkən suyum irəlilə deyərlər
Qeyd edək ki, Azərbaycanda martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.