Azərbaycanda kommunal xidmət tarifləri – işıq, qaz, istilik, nəqliyyat – dövlət tərəfindən tənzimlənir. Tarif Şurası bütün ölkə üçün vahid qiymətlər tətbiq edir. Amma dünyanın bir çox ölkələrində kommunal və nəqliyyat tarifləri əraziyə görə müəyyənləşir. Məsələn, uzaq yol gedəndə kilometrə uyğun olaraq gediş haqqında endirim olur... Bundan başqa, bəzi kateqoriyalı insanlara müəyyən güzəştlər tətbiq edilir. Lakin bu məsələ Azərbaycanda tam formalaşmayıb. Amma məsələnin müzakirə olunmasının vaxtı çatıb desək, yanılmarıq. Məsələn, ucqar dağ rayonlarında və cəbhəyanı ərazilərdə yaşayan əhaliyə qiymətlərdə müəyyən güzəştlər olmalı, hətta cəbhəyanı ərazilərdə yaşayan insanlar kommunal xərclərdən azad edilməlidir. Ya da məcburi köçkünlər kimi onlara müəyyən qədər pulsuz istifadə limiti verilməlidir.
Digər tərəfdən, son məlumatlar göstərir ki, yaxın vaxtlarda Bakıda ümumi gediş kartlarının tətbiqinə başlanacaq. Yəni bir kartla həm avtobusda, həm də metroda ödəniş etmək mümkün olacaq. Bu halda, eyni fərqləndirməni ümumi kartlarda da tətbiq etmək mümkündür.Məsələ ilə bağlı Qaziler.az saytı araşdırmaçı jurnalist Dünya Sakitin fikirlərini öyrənib.
“Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə edən sərnişinlər üçün stimullaşdırıcı tariflər təklif olunur. Elə götürək, ən iri tutumlu ictimai nəqliyyat növü olan metronu. Moskva, London, Parisdən tutmuş Romayadək əksər şəhərlərdə metro gediş kartına yüklənən gedişlərin sayına uyğun müddət və endirimlər tətbiq olunur. Məsələn, Moskvada bir dəfə gediş yükləyəndə 28 rubl ödənirsə, 70 gedişdən ibarət 1 aylıq gediş 1500 rubla başa gələcək ki, bu zaman da bir gediş 21,4 rubla düşür. Moskva metrosunda tələbələr və digər kateqoriyalı insanlar üçün müəyyən güzəştlər də tətbiq olunur.
Dünyanın ən çox yüklənən metrosu sayılan London metrosunda nəğd gediş bileti 3 funtdursa, “Oyster” adlanan xüsusi kartda bu, birinci zonada 1,5 funta başa gələcək. Bu kartlar bir neçə il qüvvədə olur. Bu müddət ərzində onu qaytarıb, hesabdakı pulunuzu geri ala bilərsiniz. Yaxud da metro stansiyalarında qurulmuş xüsusi xeyriyyə qutusuna ata bilərsiniz. Həmin kartlar sosial cəhətdən aztəminatlı şəxslərə paylanır.
Parisdə turistlər üçün xüsusi tarifli gediş kartları tətbiq olunur: şəhərin görməli yerlərinə gedənlər o kartlarla xeyli güzəşt ala bilirlər.
Göründüyü kimi, metoda gediş haqqının ödənilməsində stimullaşdırıcı differensasiyanın tətbiqi dünyada geniş yayılmış praktikadır. Bu, əsasən sıxlığı aradan qaldırmaq üçün atılan addımdır. Bakı metrosunda bu cür fərqləndirmənin tətbiq olunması mümkündür. Bizdə metroda gediş haqqı Tarif Şurası tərəfindən tənzimlənir. Bizdə tətbiq olunan kartlar uzun müddətlidir. Ölkənin turizmin inkişafını prioritet sahələrdən biri elan etdiyini nəzərə alsaq, Bakı metrosunda da turistlər üçün stimullaşdırıcı tarifin tətbiqi mümkündür. Eyni zamanda, çox gediş haqqı yükləyənlərə də müəyyən fərqlndirmə tətbiq etmək olar. Tutalım ki, 1 manat yükləyən 5 gediş haqqı alırsa, 2 manat yükləyənə 5+6 = 11 gediş haqqı verilə bilər. Bu, çoxsaylı gedişlərin yüklənməsi hallarını çoxaldar və metro stansiyalarında yükləmə aparatları qarşısındakı uzun növbələri aradan qaldırar. Bunun üçünsə Tarif Şurasının müvafiq qərarı olmalıdır.
İKİ MƏQSƏDLƏ GÜZƏŞTLƏR TƏTBİQ OLUNA BİLƏR...
Bundan başqa, Azərbaycanda kommunal xidmət tarifləri – işıq, qaz, istilik – dövlət tərəfindən tənzimlənir. Tarif Şurası bütün ölkə üçün vahid qiymətlər tətbiq edir. Bu siyasət bir çox qonşu ölkələrdə, o cümlədən Rusiyada da həyata keçirilir. Lakin elə Rusiyanın özündə dövlət topdansatış qiymətini müəyyənləşdirir, regionlar üzrə pərakəndə satıcılar öz daşıma xərclərinə uyğun əlavələrini edib əhaliyə satırlar. Buna görə də qaz və elektrik enerjisinin qiymətləri regionlar üzrə fərqlidir. Eyni praktika Qazaxıstanda da tətbiq olunur. Bu ölkələrdə kənd əraziləri üçün ayrı-ayrı regionların yerli hökumətləri tərəfindən müəyyən güzəştlər tətbiq olunur. Lakin son illərdə bu güzəştlər azalmaqdadır.
Ümumiyyətlə, dünya praktikasında bu cür güzəştlər konkret ərazilərdə, müddətli və məqsədli xarakter daşıyır: hansısa ərazidə müəyyən iqtisadi fəaliyyət sahəsinin inkişafına nail olmaq üçün qaz, enerji qiymətlərində güzəştlər tətbiq olunur. Azərbaycanda bu cür güzəştlər iki məqsədlə tətbiq oluna bilər:
1. Əslində düşmənlə təmas xəttində yerləşən kəndlərdə bu güzəşt var. Yaxşı olar ki, cəbhəyanı bütün rayonlara, ucqar dağ kəndlərinə. Uzun illərdir ölkədə ucqar dağ kəndlərinin boşalması prosesi gedir. İşıq, qaz tariflərində güzəşt bu prosesin qarşısını almaq üçün addımlardan biri ola bilər: azgəlirli əhalinin büdcəsində mühüm xərc istiqaməti olan qaz-enerji haqqının məbləği azalar. Eyni addım cəbhəyanı ərazilərdə yaşayanlar üçün də atıla bilər.
2. Qaz və elektrik enerjisi tariflərində güzəşt həmçinin turizm cəhətdən əlverişli olan bölgələrdə tətbiq edilə bilər. Bu, ölkənin əsas qeyri-neft sahələrindən biri hesab edilən turizmin inkişafına təkan verə bilər.
Qaziler.az