Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.
Komitədən Axar.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib. Mübariz Qurbanlı bildirib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib. O, qeyd edib ki, səfir kimi namizədliyi irəli sürülərkən ABŞ Senatındakı çıxışında ölkəmizin yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.
Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.