İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, görüşdə S.Müslümov sabit inkişaf tempinə malik müasir bir ölkə, multikulturalizm mərkəzi və mədəniyyətlərarası dialoqun məkanı olan Azərbaycanın eyni zamanda müsəlman dünyasının bir hissəsi kimi İslam dəyərlərinin təbliğinə və dünyada İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini bildirib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, ötən il Bakıda yüksək səviyyədə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu sahədə Azərbaycanın tarixi önəm kəsb edən növbəti əməli addımlarıdır. Həmçinin 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin müsəlman dünyasında böyük nüfuzunu təsdiq edir”. Nazir mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın 2025-ci ildə keçiriləcək “Expo 2025” Ümumdünya Sərgisinə də ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyünü və ölkəmizin namizədliyinin İƏT-ə üzv ölkələr tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib.S.Müslümov Azərbaycanın üzvü olduğu İƏT, İSESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarla ötən dövrdə fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayıb: “İƏT çərçivəsində Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimiz əmək və sosial müdafiə sahəsini də əhatə edir. Bu əməkdaşlığın inkişafı üçün İƏT-in səylərini və səmərəli fəaliyyətini, habelə Təşkilatın fəal dəstəyi şəraitində üzv ölkələrin əmək nazirlərinin konfranslarının təşkilini yüksək dəyərləndiririk. Keçirilən əmək nazirlərinin dördüncü konfransı da qarşılıqlı maraq doğuran məsələlərin həlli işlərində əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcəkdir”.
Nazir ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri, əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ əsaslar üzərində təkmilləşdirilməsi üçün aparılan sistem xarakterli islahatları diqqətə çatdırıb. S.Müslümov bu sahələrdə, o cümlədən əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində İƏT-ə üzv ölkələrlə geniş təcrübə və bilik mübadiləsini nəzərdə tutan əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifinə uyğun olaraq mənzil-qərargahı Bakıda olmaqla İƏT-in beynəlxalq statuslu və ixtisaslaşmış qurumu kimi Əmək Mərkəzinin yaradılması bu sahədə əhəmiyyətli addım olacaq. Bu Mərkəzin təsis olunması üçün ötən dövrdə İƏT-lə birgə məqsədyönlü işlər aparılıb. Həmin Mərkəz əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsinə, onların müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinə xidmət edəcək. Əmək şəraitinin yaxşılaşdırılması, layiqli əməyin tətbiqi, sosial tərəfdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və s. kimi vacib istiqamətlərdə üzv dövlətlərin əməkdaşlığının inkişafında İƏT-in Əmək Mərkəzi mühüm rol oynayacaq”.
Yusif bin Əhməd əl-Useymin Azərbaycanın İƏT ilə ötən dövrdə həyata keçirdiyi səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, Təşkilat çərçivəsində üzv ölkələr arasında müxtəlif sahələrdə, həmçinin əmək və sosial müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının bu sahədə faydalı olacağını qeyd edib.
Görüşdə əməkdaşlıq əlaqələrinə, qeyd olunan Əmək Mərkəzinin yaradılması sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.
S.Müslümov İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə müavini Həmid Opelayeru ilə də görüşüb. Görüşdə Təşkilata üzv ölkələrlə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafından bəhs olunub, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin təsis olunması ilə bağlı hazırda aparılan işlər müzakirə olunub.