Etibar Mirzəyev: “FHN Olimpiya Stadionunu yerdən, havadan və sudan mühafizə edəcək”
“Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) “Bakı-2015" Avropa Oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib”.Qaziler.az saytının Publika.az-a istinadən məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavinin sözlərinə görə, hər gün qarşıda dayanan məsələlərin icrası üçün müvafiq işlər görülür. E.Mirzəyev deyib ki, indiyədək FHN “Bakı-2015" Avropa Oyunları ilə bağlı bir neçə dəfə təlimlər keçirib və qarşıda duran məqsədə uğurla nail olunub: “Onu da qeyd edim ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) üzərinə də böyük vəzifələr düşür. “Bakı-2015" Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qərargah yaradılıb. Artıq bu qərargahın Əməliyyat palanı da təsdiq olunub. Bununla yanaşı, bütün idman obyektlərində də Əməliyyat palanları təsdiqlənib. Artıq biz bəzi idman obyektlərini mühafizəyə götürmüşük.
Bu yaxınlarda keçirilmiş "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun iclasında da doğru qeyd edilib ki, “Olimpiya” kəndində baş vermiş kiçik yanğın hadisəsinin qarşısı dərhal alınıb. Biz “Atletika” kəndini də mühafizəyə götürmüşük, orada FHN-nin yanğınsöndürmə avtomobili 24 saat ərzində növbə çəkir. Yəni bu cür mühafizə olunan obyektlərin sayı çoxdur və getdikcə daha da artacaq.
Fövqəladə Hallar Nazirliyi yeganə qurumdur ki, Bakı Olimpiya Stadionunu həm yerdən, həm havadan, həm də sudan mühafizə edir. İdman yarışları zamanı da biz “Böyük Şor” ərazisinə 2 ədəd helikopter cəlb edəcəyik. Əgər hər hansı xoşagəlməz hadisə baş verərsə, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da operativ şəkildə orada iştirak edəcək. Biz bundan sonra da bu işləri davam etdirəcəyik. Biz digər qurumlarla da qarşılıqlı əlaqələr qururuq. Yəqin ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək”.
Nazir müavini bildirib ki, yaradılan həmin qərargaha BEGOC-un Əməliyyat üzrə baş direktoru cənab Saymon Kleq də dəvət olunub: “O, həmin qərargahın işi ilə yaxından tanış olub. Həmin vaxtı Saymon Kleq bizə sual verdi ki, bəs Fövqəladə Hallar Nazirliyinin Mingəçevirdə gördüyü işlər nə səviyyədədir? Biz də dərhal Mingəçevirlə video bağlantı təşkil edib ona orada görülən işlərlə bağlı məlumat verdik. Cənab Saymon Kleq də görülən tədbirlərdən çox razı qaldığını söylədi.
Bu gün Fövqəladə Hallar Nazirliyinin qarşısında dayanan ən mühüm vəzifələrdən biri insanları maarifləndirməkdir, insanlarla xüsusi treninqlər keçirməkdir”.