Əliəyrilərin artırdığı əlillər

Əliəyrilərin artırdığı əlillər backend
Bir neçə gün öncə deputat Hadi Rəcəbli parlamentdə çıxış edərkən, hazırda ölkəmizdə 620 min əlilliyi olan şəxsin olduğunu deyib.

620 (altı yüz iyirmi) min. Yəni yarım milyondan 120 min nəfər çox.

Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdir. Bu sayaq rəqəmin böyük-kiçikliyi bir qayda olaraq müqayisədə ortaya çıxır.

Bunu da jurnalist Xəqani Səfəroğlu edib. O, kiçik bir araşdırma apararaq öyrənib ki, əhalisinin sayında görə, təxminən biz boyda olan Belarusda 113 min əlilliyi olan vətəndaş qeydiyyatdadır.

Bu, belaruslu əlillərin sayının bizdən 5 dəfə az olması deməkdir.

Burada təbii ki, biz müharibə faktorunu, Qarabağ döyüşlərində fiziki xəsarət alan 50 mindən artıq vətəndaşımızı nəzərə almaq lazımdır.

Bu halda da Belarusun və Azərbaycanın müvafiq göstəriciləri bir-birinə yaxınlaşmayacaq.

Ermənistanın əlillərinin sayına baxaq. Bu ölkənin 3 milyondan bir az artıq əhalisinin 182 mini əlildir. Ermənistan da müharibə ölkəsidir və bizim müharibədə xəsarət alanlarımız nə qədərdirsə, aşağı-yuxarı, onlarınkı da o qədərdir. Ancaq göründüyü kimi, ermənilərin əlilləri 200 minə çatmır, bizimki 600 mini aşıb.

4 milyona yaxın əhalisi olan Gürcüstanda 123 min, 160 milyonluq Rusiyada 12 milyon əlil var. 50 milyonluq Ukraynada isə 2,8 milyon əlil qeydiyyatdadır.

Rəqəmlər bundan ibarətdir və açıq-aydın görünür ki, Azərbaycandakı əlillərin sayı qat-qat çoxdur.

Görəsən, bu niyə belədir? Millətin genefondu zədələnibmi?

Bəlkə bu qədər əlillərin ortaya çıxması qohum nikahlarının faciəvi nəticəsidir?

Yoxsa ölkəmizdə heç bir sahədə təhlükəsizlik texnikasına riayət olunmur və bu əlillər ordusu istehsalat qəzaları nəticəsində yaranır?

Əslində heç biri deyil. Nə irsi xəstəliklər, nə 25 ildir bitmək bilməyən müharibə, nə istehsalat qəzaları, nə də digər səbəblər Azərbaycan böyüklükdə olan ölkədə əlillərin sayını bu qədər artıra bilməz.

Birmənalı olaraq burada subyektiv səbəblər var. İlk növbədə əlillərin sayının şişirdilməsindən şübhələnmək lazımdır. Burada məqsəd dövlət büdcəsindən sosial müdafiə fonduna ayılan milyonların yeyilməsidir.

Bu trend hələ sovet dövründə də vardı. Sosial təminat şöbələrində çalışan adamlar öz qohum-əqrəbalarının, dost-tanışlarının müəyyən bir hissəsinə “əlillik pensiyası” düzəldirdi və tərəflər qarşılıqlı şəkildə faydalanırdılar.

Tam əmək qabiliyyətinə malik, sapsağlam adamlar hər ay dövlət büdcəsindən gələn bir miqdar pulu mənimsəyib ciblərinə qoymaqdan çəkinmir, bunu özlərinə rəva görür, bir söz deyənlərə də “dövlətin puludur, bir az da biz alıb yesək, dövlət dağılmaz” deyə cavab verirdilər.

Beş-altı əvvəl bir ara saxta əlillərə qarşı bir reyd başlanmışdı, onları araşdırır, yenidən sənəd təqdim etmələrini, tibbi ekspertizadan təkrarən keçmələrini tələb edirdilər. Amma bunun əsas zərbəsi gerçək əlillərə dəyirdi.

Onlar fiziki hərəkətləri məhdud olduğu halda qapı-qapı gəzib sənəd toplamalı, yenidən ekspertizadan keçməli olurdular. Hərdən bəziləri tibbi ekspertlərə etiraz edib deyirdilər: “Görürüsünüz ki, ayağımın biri dizdən aşağı yoxdur. Mən ildə-ildə niyə ekspertizadan keçməliyəm? Sizcə, bu il olmayan ayaq gələn il yenidən çıxacaq?”

Təbii ki, onlar haqlıydı. Haqsız olanlar isə əsl əlillərin haqqına girənlər idi və bu filtrasiya onların aşkarlanmasına yönəldilmişdi. Fəqət tamahkar, əliəyri məmur faktoru olan yerdə onlar da komissiyadan keçməyi bacarır, əlillilk təqaüdü almaqda davam edirdilər.

Müftəxorluğun norma olduğu, dövlət büdcəsini talamağın qəbahət sayılmadığı cəmiyyətlərdə bu sayaq xırda dələduzluqlar və əliəyriliklər o qədər təəccüblü deyil.

Bax, ona görə də əlillərə aid rəqəmlər gəlib belə bir fantastik həddə çatıb.

Əlillik təqaüdü almaq haqqı olmayanların bu qədər çox olması üzündəndir ki, gerçəkdən də əlil olan və əmək qabiliyyəti olmayanların aldığı təqaüdün həcmini qaldırmaq olmur.

musacat.com
Diaspora