İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətindən QAZİLER.AZ saytına verilən məlumata görə, mayın 12-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhət Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rıfat Hisarçıklıoğlunu qəbul edib.
Görüşdə Şahin Mustafayev sahibkarlığın inkişafı məsələlərinin müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edənlər arasında əlaqələrin yaradılması üçün G20-yə təkliflər verən B20 platformasının əhəmiyyətini, tədbirin Bakıda keçirilməsinin önəmini qeyd etmişdir.Sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlığın və mehriban dostluq münasibətlərinin daha bir göstəricisidir. Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Şahin Mustafayev əlaqələrimizin dünyada nümunə olduğunu vurğulamışdır. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda 3000-ə yaxın türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.
Türk şirkətləri həmçinin, Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər. Azərbaycan Türkiyəyə, Türkiyə isə ölkəmizə investisiya qoyuluşu həyata keçirir. İqtisadiyyatın inkişafında və ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu qeyd edən Şahin Mustafayev TOBB-un iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır.
Görüşdə Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin regionun başlıca problemi olduğunu, Türkiyənin bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, hər zaman Azərbaycanın yanında olduğunu bir daha diqqətə çatdırmışdır.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rıfat Hisarçıklıoğlu Azərbaycana səfərinin, ölkəmizin sürətli inkişafının onda dərin təəssürat yaratdığını ifadə etmişdir. Bildirilmişdir ki, ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar var və bu sahədə özəl sektor mühüm rol oynayır. Bu baxımdan iş adamları birlikləri, ticarət palataları arasında əlaqələrin genişləndirilməsi, sahibkarların iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Rıfat Hisarçıklıoğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına, o cümlədən iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşmüşdür.