Uzun illərdi ölkəmiz müharibə şəraitindədir.
Buna baxmayaraq, Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Məhz bu sürətli inkişafın nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və Qarabağ əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Təkcə 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib. Ümumilikdə, aparılan işlərin davamı olaraq, nazirlik tərəfindən 2014-2017-ci illərdə 1350 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.
Hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.

Ötən ayın son ongünlüyündə Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verilib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.

Bir insan, bir jurnalist olaraq belə ailələrin çətin anlarında, kədərli günlərində yanlarında olduğumuz üçün , sevinclərinə də şərik olmağı boynumuzun borcu hesab etdik və cəmi 7-8 il əvvəl göz işlətdikcə görünən boz bir düzənlikdə yaradılmış şəhər tipli müasir qəsəbəyə- Mehdiabad Gənclər Şəhərciyinə istiqamət aldıq. İlk döydüyümüz qapını açan isə şəhid Elçin Yaqub oğlu Talıbovun bacısı oldu. Məhbubə xanımın sevincini gözlərindən oxumaq çətin deyildi. Otaqları bir-bir gösərərək bildirdi ki, evimiz həm böyük, həmdə işıqlıdır:”Qızlarım dərslərini hazırlamaq üçün belə otaqları olacağını heç ağıllarına da gətirməzdilər.Super təmirli yataq, qonaq, istirahət otaqları, mətbəx, hamam...bəzən bunların hamısı mənə bir yuxu kimi gəlir. Gerçək olduğunu düşünəndə sevincimin həddi-hüdudu olmur.
Bu sevinci mənə prezidentim yaşadır. Cənab İlham Əliyevin çıxışlarıını maraqla dinləyirdim və onun “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” kəlməsi ilə qürur duyurdum. Hazırda hörmətli prezidentimiz öz işi-əməli ilə sübut etdiki, bəli o hər kəsin prezidentidir və heç kim onun qayğısından kənarda qala bilməz.Təşəkkür edirəm, cənab İlham Əliyev! Allah sizi də, övladlarınızı da, xanımınızı da hər zaman sevincə qərq eləsin!”

Yeri gəlmişkən, şəhidimiz Elçin Talıbov haqda məlumat verməyini xahiş etdik. Məhbubəgilin ailə faciəsi bizi də üzdü.O bildirdi ki, atası Yaqub kişi əslən Laçın rayonundandır.Gənc yaşlarında Bakıya işləməyə gəlib və burda işlə, evlə təmin olunub, sonra Fatimə adlı bir qızla ailə qurub. Ailənin iki oğlu bir qızı dünyaya gəlir.1972-cil ildə anadan olmuş Elçin Azərbaycan torpaqları uğrunda gedən mübarizəyə qoşulur. İki il silahı əlindən yerə qoymur.Təəssüf ki, torpaqları düşmən tapdağından azad etmək arzusuna qovuşmadan sevdiyi torpağına qovuşur. 1994-cü il 25 yanvarda Fizuli rayon Horadiz qəsəbəsinin ermənilərdən azad edilməsi əməliyyatında şəhid olur. Məzarı 3-cü Fəxri xiyabandadır. Aradan az müddət keçdikdən sonra digər qardaşımda xəstəlikdə gənc ikən dünyasını dəyişdi. O da Elçin kimi ailə qurmamışdı. Atam şair təbiətli, qəlbi zərif bir insan idi.İtirdiyi yurunun, pərən-pərən düşmüş elinin, iki nakam övladının acısını- bir sözlə dərdlərini, kədərini misralara tökürdü.
Yaqub, niyə sabahını görmədin,
Oğullardan əvvəl özün ölmədin,
Kədərləndin, sevinmədin-gülmədin,
Düşünmədin dövrü-zamanın gedir...
Atamın “Kədər şərbətini içən ürəyim” kitabı da işıq üzü gördü.O kitabda ovutmadı onu. 2006-cı ildə atamıda itirdik.
Həmin vaxt mən artıq ailə qurmuşdum anamın tək yaşamasına razı olmadım. Ailəmlə, uşalarımla birgə anamın yanına köcdük.
Əvvəllər evimizə bir qonaq gələndə, utanırdıq, qısılırdıq. Ev dar, otaqlar nəmişlik... Amma indi hər şey o qədər gözəldi ki...Tez-tez Ağstafa rayonunda yaşayan qaynanamıda qonaq çağırıram.İki nənəni bir arada görəndə balaca Onurun sevinci böyük olur.
Təəssüf edirəm ki, anamda, həyat yoldaşım da işdədirlər, sizinlə görüşə söhbətləşə bilmədilər.
Gəldiyinizə görə, bizim sevincimizi bölüşdüyünüzə görə, ailəmiz adından sizə də, sizin kollektivinizə də təşşəkürümüzü bildiririk.
“Əlihüseyn Qalamirzə oğlu Ələkbərzadə 1960-cı ildə Nizami rayonu Keşlə qəsəbəsində anadan olub. Ukraynada hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra doğma ocağına dönən Əlihüseyn kinomexanik işləyib, sonra İradə adlı əmisi qızı ilə ailə həyatı qurub.Günlərin bir günü oğlu, sonra isə qızı dünyaya gəlib. Xöşbəxtlik, sevinc ard-arda düzülür...”

İradə xanımın səsi burada qırılır, gözlərinə dərin bir kədər çökür.1993-cü ilin martında Əlihüseyn könüllü olaraq cəbhəyə-Qarabağa yola düşür. İlk döyüş yolu Kəlbəcərdə başlayıb. Elə həmin ilin 26 iyun ayında şəhidlik zirvəsinə ucalıb. Keşlədə yerləşən qəbiistanlıqda dəfn olunub.

İradə xanım düz 24 ildir Əlihüseynin yadigarlarına həm ata olub, həm ana...Kirayələrdə, qohumların evində yaşamaqdan qurtulduğunu dilə gətirən şəhid xanımı bunun üçün ölkə prezidentinə minnətdar olduğunu bildirdi:
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bizə dövlət tərəfindən yeni mənzillərin hədiyyə edilməsindən sonsuz fərəh və qürur hissi keçirdik. Həyatımıza rahatlıq gətirən bu mənzillərin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və bu döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək Prezident qayğısının daha bir əyani təzahürü olduğunu başa düşürük. Mənzillər verilən gün qəsəbədə tədbir keçirildi.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri bütün sahələrdə dövlətin qayğısını, dəstəyini hiss etdiklərini diqqətə çatdırdılar, bu məqsədlə aparılan işlərə, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Sonuncu müsahibim isə şəhid İlqar Sübhi oğlu Abbasovun xanımı Firuzə Abbasovadır. Ölkə başçısının qayğı və diqqəti sayəsində Firuzə xanım artıq 2 ildir ki, qəsəbədə mənzillə təmin olunub. İlqarın yeganə yadigarı olan Aqillə rahat və işıqlı evdə gələcəyə nikbin nəzərlərlə baxırlar.

Aqilin 25 yaşı var . Əli silah tutur, ürəyi atasının yarım qalmış işini başa çatdırmaq üçün çırpınır. Firuzə xanım əgər müharibə yenidən başlasa, Aqilin döyüşə atılacağına zərrə qədərdə şübhəsi yoxdu:”Hər bir azərbaycanlı-istər gənc olsun, istər orta yaşlı, istərsə də ahıl olsun, prezidentimizin arxasında olmalıyıq , onun bizim ələcəyimizi. Sabahımızı qurmaq üçün gördüyü bütün işləri dəstəkləməliyik!”
Göründüyü kimi, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin və şəhid aailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin, şəhid aailələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu yolda atılan hər bir addımı alqışlayırıq!
Əntiqə Rəşid