Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsini Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və BAMF-ın prezidenti Umud Mirzəyevlər ilə birgə müzakirə ediblər.
Qaziler.az bildirir ki, PXTİB-nin icraçı direktoru Leyla Kərimova layihə haqqında məlumat verərək bildirdi ki, altı ay davam edəcək layihəyə 2018-ci il aprel ayında start veriləcək. Tədbirin planlaşdırılmasında məqsəd bu ictimai qurumun kütləvi informasiya vasitələri ilə əməkdaşlığını genişləndirmək və psixoloji maarifləndirmə mövzusunun mətbuatda işıqlandırılmasını aktuallaşdırmaqdır.Mətbuat Şurasının sədri Əflatun Amaşov layihə ilə yaxından tanış olduqdan sonra qeyd etdi ki, əhalinin psixoloji maarifləndirilməsi, psixoloji xidmətin təşkili günümüzün vacib məsələsidir. O, layihədə göstərilən “Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri”, həmçinin “Jurnalist psixoloqların hazırlığı” bəndlərini xüsusilə diqqətə çəkərək vurğuladı ki, dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə ixtisaslaşmış peşəkar jurnalistlərin hazırlığına ciddi fikir verilir. Bizdə də bu istiqamətdə addımlar atılır. Psixologiya Azərbaycanda yeni bir elm sahəsidir və psixoloji mövzunu peşəkarlıqla qələmə alan jurnalistlərə həqiqətən də ehtiyac var.
BAMF-ın prezidenti Umud Mirzəyev də layihənin çox önəmli bir məsələyə yönəldiyini qeyd etdi. Dedi ki, 20 faizdən çox torpağı işğal altında qalan, bir milyondan yuxarı qaçqın əhalisi olan ölkə üçün psixoloji maarifləndirmənin əhəmiyyəti böyükdür və bu işdə təbii ki, psixoloji xidmət sahələri ilə KİV-in əməkdaşlığı, birgə çalışması, psixoloq jurnalistlərin hazırlanması ideyası təqdirə layiqdir. Müzakirənin sonunda Ə. Amaşov və U.Mirzəyev cəmiyyətimiz üçün faydalı olacaq yeni layihənin həyata keçirilməsində PXTİB-yə dəstək verəcəklərini bildirdilər.
Günün sonunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova Mərkəzin yeni fəaliyyətə başlayan “Azadlıq” filialında layihə ilə bağlı görüləcək işləri bir daha nəzərdən keçirdi və bu işdə onlara dəstək verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə minnətdarlığını bildirdi.