Xəbər verildiyi kimi, Qarabağ qazisi, “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi Mehman Hüseynov dünən evində ürək çatışmazlığından dünyasını dəyişib. M.Hüseynov bu gün Maştağa kəndində dəfn edilib.
Bu barədə xəbər yayılandan sonra Qarabağ qazisinin əsirlikdən azad olunduqdan sonra – 1992-ci ildə Ağdamda verdiyi müsahibə yayıldı. Qaziler.az saytı tele-jurnalist Seyidağa Mövsümlünün lentə aldığı həmin video görüntünü oxuculara təqdim edir. Videonu sosial şəbəklərdə Yusif Səfərov adlı istifadəçi yayıb.Qeyd edək ki, Mehman Azərbaycan Milli Ordusunun “Şıxov” adlı batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Kərkicahanda Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan döyüşüb, sursatları bitən əsgərlərimizin çoxu həlak olub, Mehman isə ağır yaralanaraq əsir düşüb.
Əsirlikdən azad olunan M.Hüseynov xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənilmişdi. Buna etiraz əlaməti olaraq o, 2006-cı ildə Bakıda Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib. Yalnız bundan sonra pozulmuş hüquqları qismən bərpa olunmuşdur.