"Bu gündən etibarən mayın 18-dək Yer kürəsi maqnit qasırğalarının təsirinə məruz qalacaq". Bu fikirləri APA TV-yə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov deyib.
Onun sözlərinə görə, günəş alışmaları gücünə görə siniflərə bölünür. Alışmalar zamanı atılmış kütlə və onu təşkil edən hissəciklər günəş ətrafı fəzaya yayılır. Əgər bu zaman o hissəciklər Yer istiqamətində də atılıbsa, o zaman yerin maqnitosferində həyəcanlanmaya və yer atmosferində radio dalğalarda küyə səbəb olur. Bu da güclü maqnit qasırğaları yaradır: "Günəş alışmalarına daha çox Günəşin aktivlik dövründə rast gəlinir. Bu, hər 11-12 ildən bir olaraq təkrarlanır. Hazırda başlayan maqnit qasırğası may ayının 8-dən başlayıb, öz gücünə görə zəif və orta güclü alışmalar sırasına aiddir. Mayın 12 və 13-də bu partlayışlar yer maqnitosferi ilə əlaqədə olacaq və zəif maqnit qasırğası əmələ gətirəcək. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur. Növbəti maqnit qasırğası isə mayın 18-ə gözlənilir. Bu da zəif alışma olacaq".Tibb üzrə fəlsəfə doktoru, nevropatoloq Lalə Hüseynova deyir ki, maqnit qasırğası zamanı meteohəssas insanlar öz sağlamlığına diqqətlə yanaşmalı, normadan artıq işləməməlidir: "Maqnit qasırğaları bütün canlı orqanizmlərə təsir edir. Bu, bütün planetə şamil olunur. Qan təzyiqi yüksək olan, hipertoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar qasırğaların təsirinə daha meyllidir. Vegeto-damar distoniya diaqnozu olan uşaqlar da risk qrupundadır. Bunu daha çox 10-15 faiz insanlar daha ağır keçirir. Bir hissəsi psixoloji olaraq bunu hiss edir, elə insanlar var ki, onlar məlumatlı olmadıqları üçün bunu baş ağrısı kimi qiymətləndirir. Maqnit qasırğası qan damarlarında ciddi spazmalar yaradır. Qanda stress hormonları və adrenalin üzə çıxır. Bütün bunlar qanın sürətini azaldır, laxtalanmanı artırır və birbaşa insanın əhvalına təsir edir".
Lalə Hüseynova meteohəssas insanlara tövsiyə verməyi də unutmayıb: "Maqnit qasırğasına həssas insanlar gərək həmin gün bir aspirin içsinlər. Başqa preparatların atılmasına ehtiyac yoxdur. Həmin gün bir neçə dəfə qan təzyiqini ölçmək gərəkdir. Yuxudan oyanarkən ehtiyatlı olmaq lazımdır. Həmin günlər ərzində qidalanmağa daha çox diqqətli olmaq tələb olunur. Günə bir bananla başlamaq lazımdır. Çünki antioksidant tərkibli bu tərəvəz immun sistemini möhkəmləndirir".
Həkimlər maqnit qasırğası baş verən günlərdə sağlamlıq durumunun profilaktikası üçün axşam saatlarında nanə və yarpız dəmləməsi qəbul etməyi, yaşıl çay içməyi məsləhət görür. Bundan başqa, ağır işləri təxirə salmağı, maqnit qasırğasının təsirini zərərsizləşdirmək üçün cır limon cövhərləri kimi preparatlar atmalıdırlar. Amma dərman qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.