Xəbər verildiyi kimi Dağlıq Qarabağda erməni işğalçılarının qədim Şuşa şəhərini işğal etmələrinin 23 illiyi ilə bağlı “Vımpelcom.LTD” kompaniyasına daxil olan Rusiya mobil operatoru “Beeline” Azərbaycanın ərazi bütövlüyünə bir daha hörmətsizlik etdi. Ötən ay Azərbaycan KİV-ləri “Beeline” mobil operatorunun Azərbaycanın Dağlıq Qarabağ ərazisində qeyri-qanuni rouminq-xidmətləri göstərməsini və ermənilərin “Artsax-telekom” şirkəti ilə əməkdaşlıq etməsindən yazmışdı.
QAZİLER.AZ Haqqın.az saytına istinadla xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “Beeline” mobil operatoruna öz qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı göndərdiyi etiraz bəyanatlarına baxmayaraq, bu mobil operator erməni separatçıları ilə işbirliyindən geri çəkilmir.Bundan əlavə, “Beeline” mobil operatorunun baş direktoru Andrey Pyataxin bütün Azərbaycan xalqını təhqir edərək utanmadan bəyan edib ki, rəhbərlik etdiyi mobil operator xüsusi aksiya keçirir: “Böyük Vətən Müharibəsinin 70 illik yubileyini o həm də Şuşanın azad edilməsinin 23 illik yubileyi kimi qeyd edir”.
Açıq-aşkar görünür ki, “Beeline” Dağlıq Qarabağı Azərbaycanın ərazisi saymamaqla, dolayısı ilə Rusiyanın mövqeyini ortaya qoyur. Azərbaycanı dəstəkləməsi ilə bağlı rəsmi bəyanatlar verən Rusiya isə nədənsə “Beeline” şirkəti ilə bağlı addım atmağa tələsmir.
Təəssüfləndirici haldır ki, milyonlarla azərbaycanlının yaşadığı Rusiyada çoxlu Azərbaycan diasporları fəaliyyət göstərsə də, oliqarx azərbaycanlılar yaşasa da, onlardan heç kim doğma vətənlərinə qarşı çıxan, özbaşına, qanunsuz hərəkətlər edən bu mobil kompaniyanı məhkəməyə vermir.
Daha bir narahatçılıq doğuran hal isə Azərbaycan mobil operatorlarından Baksell və Nar mobil operatorlarının “Beeline” mobil operatoru ilə əməkdaşlıq etməsidir. Bu mobil operatorlar “Beeline” qarşısında götürdükləri öhdəlik borclarını həm maliyyə, həm də əməkdaşlıq baxımından yerinə yetirirlər. Bu isə Azərbaycana qarşı açıq hörmətsizlikdir. Azərbaycanda fəaliyyət göstərən həmin mobil operatorlar başqa şirkətlərlə əməkdaşlıq etsələr müştərilərini itirməkdən narahat olmasınlar. Çünki, Rusiyada Azərbaycana hörmətlə yanaşan, onun ərazi bütövlüyünü tanıyan başqa mobil operatorlar mövcuddur ki, onlarla əməkdaşlıq qurmaq mümkündür.
QAZİLER.AZ saytı bildirir ki, bir neçə gün əvvəl baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da verdiyi açıqlamada bəzi məmurların ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini (ABŞ, Rusiya, Fransa) tənqid etməməsi ilə bağlı toxunduğu məsələ rezonansa səbəb oldu.
O, azərbaycanlı məmurların Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə ABŞ, Rusiya, Fransanı tənqid etməməsini onların bu ölkələrdə bizneslərinin olması ilə əlaqələndirmişdi: “Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər? Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”, - deyə Əli Həsənov bildirib.