Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb backend

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 470 m3/s olmaqla ongünlük normanın 63 faizini, 2014-cü ildə isə bu rəqəm 421 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 138 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 96 m3/s təşkil edərək ongünlük normanın 47 faizinə bərabər olub.

Mayın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 26, Salyanda 36, Bankədə 8 sm artım, Surrada 32, Araz çayının Novruzlu məntəqəsində isə 47 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 433 sm (2014-cü il mayın 12-də 315 sm), Şirvanda 361 sm (2014-cü il mayın 12-də 163 sm), Salyanda 301 sm (2014-cü il mayın 12-də 95 sm), Bankədə 225 sm (2014-cü il mayın 12-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2014-cü il mayın 12-də 59 sm) təşkil edib.
Diaspora