Nizami rayonunda Böyük Vətən Müharibəsi iştirakçıları mükafatlandırıldı

Nizami rayonunda Böyük Vətən Müharibəsi iştirakçıları mükafatlandırıldı backend

Düz 70 il bundan öncə belə bir may səhərində qələbə sevincini kimisi “Yaşasın Sovet ordusu”, kimisi də sevincdən göz yaşları içərisində “müharibə qurtardı”, deyərək hayqırmışdılar. Papaqlar göyə atılmış, halay vurub oynamışdılar. Aradan uzun illər ötmüş, indi onların çoxusu həyatda yoxdu, qalanları isə ixtiyar yaşlarındadır.

Bu gün gözəl bir may səhərində Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsindəki 1941-1945-ci il Böyük Vətən Müharibəsi Abidəsinə toplaşan müharibə veteranlarının çöhrələrində təbəssüm və sevinc göz yaşları vardı… Bir gözəl xanım -xatın nənə əlil arabasında, üz-gözündən nur tökülən bir ağsaqqal baba isə çəliyinə söykənə-söykənə gəlmişdi.
Nizami rayonunu İcra Hakimiyyətinin başçısı hər bir veterana yaxınlaşaraq əllərini sıxdı. Onları bayram münasibəti ilə təbrik etdi. Yarızarafat, yarıgerçək “yaxanız orden və medallarla doludur, əgər yer tapsanız bu medalı da taxarsınız”,- dedi.

Sonra Nizami rayon Səfərbərlik və Hərbi Xidmətə Çagırış İdarəsinin rəisi Rövşən Babayev tərəfindən veteranlara qələbənin 70 illiyi ilə bağlı yubiley medalı təqdim olundu. Veteranlardan Rzayeva Mariya Stepanovna isə qələbənin 70 illiyi ilə bağlı Moskvaya çağırılmış, orada Azərbaycanı təmsil etmişdir. Həmin xanıma eyni zamanda Kommunist Partiyasının lideri Züqanov yubiley medalı göndərmişdi. Veteranlardan Qaziyeva Tacirə və Süleymanov Məhər Həsən oğlu Azərbaycan Respublikasının Prezidenti tərəfindən evlə təmin edildilər. Ağayev Əsgər İdris oğlu, Rüstəmov Əli Şamil oğlu, Rzayeva Mariya Stepanovna isə əvvəlki illərdə avtomobillə təmin olunmuşdular.



Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilat İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Sillahlı Qüvvələr veteranı ehtiyatda olan mayor Yəhya Ağayev isə bildirdi:

-Rayonumuzda 320 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var idi. Onlardan yalnız 25 nəfəri sağdır. Bu il veteranların hər biri qələbənin 70 illiyi ilə bağlı yubiley medalı ilə təltif olundu. Azərbaycan Respublakısının Prezidentinin sərəncamı ilə onlara 800 manat məbəğində birdəfəlik maddi yardım verildi. Arxa cəbhədə olan veteranların 72 nəfərinə də yubiley medalı təqdim edildi, onlara da prezidentin sərəncamı ilə birdəfəlik 400 manat məbləğində maddi yardım edildi. Birlik sədri onu da qeyd etdi ki, veteranlar daim dövlətin qayğısı ilə təmin olunurlar.Allah ömür versin qələbə sevincini yenə də yaşayaq...

Səriyyə Müslümqızı
Diaspora