Prezident bu nazirliklərdən əmlakları niyə aldı? - Yeni qurum

Prezident bu nazirliklərdən əmlakları niyə aldı? - Yeni qurum backend

Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında əsas məqsəd son vaxtlar Azərbaycanda ərzaq məhsullarında yaranmış problemi aradan qaldırmaqdır.

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsinə daima çox böyük diqqət ayırır. Buna görə də dəfələrlə hökumətin iclaslarında bu məsələ müzakirə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O bildirib ki, prezident hökumət qarşısında ərzaq təhlükəsizliyinin təmin olunmasını məqsəd kimi qoyub:

“Bu sahədə yaranmış bütün problemləri nəzərə alaraq, prezident qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentlik yaradılması barədə sərəncam verdi və İqtisadiyyat, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin tabeliyindəki müəyyən qurumları həmin agentliyin tərkibinə daxil etdi. Hansı ki, buraya birbaşa qida ilə əlaqədar laboratoriyalar, fitosanitar, karantin və s. mərkəzlər daxildir.

Bu mexanizm elə işləməlidir ki, Azərbaycanda insanlara verilən qidaların tərkibində keyfiyyət cəhətdən problem olmasın. Hesab edirəm ki, prezidentin bu qərarı əhəmiyyətli və vaxtında atılmış addımdır”.

Millət vəkilinin sözlərinə görə, bu agentlik öz işini normal qura bilsə, Azərbaycanda qida ilə əlaqədar ciddi problemlər yaşanmayacaq:

“Bu günə qədər ərzaq məhsullarının keyfiyyətinin aşağı olması, qida ilə əlaqədar meydana gələn xəstəliklər, müxtəlif cür bakteriyaların yaranması, ət kəsimi ilə bağlı yaranan problemlər və s. aradan qaldırılacaq və qidalar əhaliyə tam təmiz şəkildə təqdim olunacaq.

Prezident Qida Təhlükəsizliyi Agentliyinin effektiv fəaliyyət göstərməsi üçün 3 nazirliyin tərkibindəki laboratoriyalar və bir sıra idarələri həmin agentliyin ixtiyarına verdi ki, proses tamamlansın və bu sahədəki problemlərlə bağlı həmin agentlik məsuliyyət daşısın”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansında olan laboratoriyalar və onların yerləşdiyi binalar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilib. Buna baxmayaraq, sözügedən nazirliklər bu laboratoriyalardan ödənişsiz istifadə edə biləcəklər. Bununla əlaqədar hər üç qurumdan Agentliyə keçəcək ştat vahidinin müəyyənləşdirilməsi Nazirlər kabinetinə tapşırılıb.