Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, əlilliyi olan şəxslərdən daha bir qrupu Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.
Əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən görülən işlər davam etdirilir. Nazirlik həmin şəxslərdən daha 30 nəfərini Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilməsini təmin edib.Əlilliyi olan şəxslərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Prezident cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara diqqət və qayğısının əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işlərinin gücləndirilməsinə də şərait yaratdığını vurğulayıb: “Bunun əməli təsdiqi kimi, bu il ölkəmizdən ötən illə müqayisədə 20 faiz çox, yəni 190 nəfər belə şəxsin Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilməsi nəzərdə tutulur. Onlardan 115 nəfərini əlilliyi olan şəxslər, 75 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Cari il aprel ayının əvvəlindən biri 28 nəfər, digəri 29 nəfər əlilliyi olan şəxslərdən ibarət iki qrup Türkiyədə 20 günlük bərpa-müalicə kursu keçib. Hazırda göndərilən 30 nəfər də daxil olmaqla, artıq 87 nəfərin qardaş ölkəyə bərpa-müalicəsinə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərdən sonra, gələn ay valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Türkiyəyə göndərilməsinə başlanacaq”.
Əlilliyi olan şəxslərin mərkəzdəki 5 ulduz oteldə yerləşdirildiyini və hər bir lazımi xidmətlə təmin olunduqlarını qeyd edən S.Abdullayev həmin şəxslərin mərkəzdə müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün ƏƏSMN-nin bir nəfər həkim əməkdaşının da Türkiyəyə ezam olunduğunu bildirib: “Türkiyənin Dənizli bölgəsi zəngin müalicəvi təbii potensialı (təbii palçıq sahələri, mineral bulaqları, şəfalı suyu və s.) ilə tanınır. Nobel Tibb Mərkəzində peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin təbii müalicəvi resurslardan istifadə olunmaqla hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə aparılan səmərəli bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin sağlamlığına müsbət təsir göstərir. Mərkəzdə bərpa-müalicə kursunu başa vuraraq geri dönən əlilliyi olan şəxslər də oradakı müalicələrdən, göstərilən xidmətlərdən razılıqlarını bildirirlər”.
Şöbə müdiri ölkə daxilində də əlilliyi olan şəxslərin bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb: “Təkcə cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib. Eyni zamanda, bu təbəqədən olan şəxslər həmin dövrdə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Hazırda nazirliyin əksər bərpa-müalicə müəssisələrində əsaslı təmir işləri aparılır. Təmir işlərindən sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı da həyata keçiriləcək. Mütərəqqi təcrübə əsasında onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün lazımi şərait də yaradılacaq”.