"Antikorrupsiya" idarəsindən Şəmsəddin Hacıyevi üzəcək açıqlama...

"Antikorrupsiya" idarəsindən Şəmsəddin Hacıyevi üzəcək açıqlama... backend

İdarə Şəmsəddin Hacıyevin İqtisad Universitetinə rəhbərlik etdiyi dövrü araşdırır...

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Moderator.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən dövr ərzində Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxıldığını, həmçinin 280 cinayət xarakterli material araşdırıldığını bildirib. Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. Baş İdarə rəisi çıxışında bildirib ki, 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.

Məhkəmələrə göndərilmiş 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Mətbuat konfransında Kamran Əliyev həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetində apardığı yoxlama materiallarının araşdırıldığı barədə də məlumat verib.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasının yoxlama materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Belə ki, 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Hesablama Palatasının yoxlama apardığı dövrlərdə İqtisad Universitetin rektoru millət vəkili Şəmsəddin Hacıyev olub.