Natiq Cəfərli: “Çox yaxşı olardı ki, onlar öz oyun qaydalarını Bakıya gətirməkdən çəkinsinlər”
Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb. Onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanırlar. Bu haqda “abc.az” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, təkliflər əsasən Qətər və İraq vətəndaşlarından daxil olur. Həmçinin bildirilir ki, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu da əsas səbəblərdən biridir.“Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb”. Bu sözləri isə Azərbaycanın Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bildirib. Qurum rəhbəri həmin hotellərin adlarını açıqlamaq istəməyib: “Ərəblər şəhərin mərkəzindən Keşlə qəsəbəsinə, Nərimanov prospektinə qədər bina və hotellərlə daha çox maraqlanırlar. Bir neçə hotel artıq satışa çıxarılıb. Amma bunu açıqlaya bilmərik”.
Qeyd edək ki, son bir neçə ildə ölkəmizə ərəb turistlərin axını başlayıb. Hələ iki il öncə çoxlu sayda ərəb turistlərinin paytaxt Bakıda mənzil almaq istədikləri haqda məlumatlar yayılmışdı. Bunu paytaxtda mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar da təsdiqləyirdilər. Araşdırma zamanı məlum olurdu ki, ərəblər əsasən şəhərin mərkəzində yerləşən mənzillərlə maraqlanırlar. Lakin məlumdur ki, istənilən xarici vətəndaş ölkəmizdə torpaq üzərində xüsusi mülkiyyətə yalnız vərəsəlik hüququ olduqda sahib ola bilər.
Maraqlıdır, ərəb investorların Bakıda daşınmaz əmlak obyektləri alması ölkəmizə nə verə bilər?
İqtisadçı Natiq Cəfərli bu haqda “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, turist investorlarının hər hansı yatırımı olması ölkə üçün pis deyil. Bu, ölkəmizə valyutaların gəlməsinə, yeni iş yerlərinin yaranmasına səbəb olacaq və əgər hotel biznesində birbaşa xarici, o cümlədən ərəb investorları iştirak edəcəksə, təbii ki, bu rəqabətin artmasına da səbəb ola biləcək. Sonradan hotellərdən gələn gəlirlərdən büdcəyə əlavə vergilər də daxil olacaq. Sadəcə, burada bir neçə sual meydana çıxır. Məsələn, əgər doğrudan yeni hotellər açılacaqsa, hansı qaydalara uyğun fəaliyyət göstərəcək? Çox yaxşı olardı ki, onlar öz oyun qaydalarını Bakıya gətirməkdən çəkinsinlər. Yəni ölkəmizdə qəbul olunmuş qaydalara uyğun olaraq, Mədəniyyət Nazirliyimizin təsdiq etdiyi proseduralar əsasında hotellər açılacaqsa, o zaman təbii ki, bu yatırımların olması, ölkəyə əlavə vəsaitin daxil olması müsbət haldır. Bu məsələ turist axınını bir qədər də artıra bilər və gələcəkdə belə bir detal da maraqlı olacaq ki, ərəb investorları öz ölkələrindən gələn ərəb turistlərin öz ağız dadına uyğun mətbəxin, onlara uyğun şəraitin yaradılması üçün çalışacaqlar. Beləliklə, buna uyğun investisiya qoymağa maraq göstərəcəklər”.
“Yeni Müsavat”