Xəstəliyə görə hərbi xidmətdən buraxılmış hərbçilərə əlilliyin müəyyən edilməsi proseduru müəyyənləşib.
Təlimata əsasən, şəxslərə hərbi xidmətlə əlaqədar əlillik 3 kateqoriyaya əsasən veriləcək. Hətta hərbi xidmətdə olarkən müxtəlif viruslara yoluxmuş şəxslərdə qalıcı fəsadlar aşkarlanarsa, onlara da əlillik dərəcəsi verilə biləcək."Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat" təsdiqlənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən məlumat verilib.
Xidmətin rəis müavini Gülnarə Hacıyevanın verdiyi məlumata görə, yanvarın 12-də qüvvəyə minmiş təlimatda əlillik dərəcəsinin hansı hərbi qulluqçulara veriləcəyi konkretləşdirilib.
Təlimatda əlillik dərəcəsinin verilməsi üçün bəzi yeni bəndlər də əlavə edilib.
Əlillik dərəcəsi almaq üçün Hərbi-həkim ekspertizasından müvafiq sənədləri alan şəxs yaşadığı ərazi üzrə tibb müəssisəsinə müraciət edir. Orda tərtib edilən sənəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilir və ekspertlər tərəfindən vətəndaşla birbaşa əlaqə olmadan əlillik dərəcəsi təyin edilir. (xezerxeber.az)