Gənc yazar Kəramət Böyükçöl son günlərdə Facebook səhifəsində Azərbaycanın Xalq şairi, mərhum Xəlil Rza Ulutürk və onun şəhid oğlu haqqında yazdığı təhqiramiz fikirlərlə gündəmə gəlib. Hazırda cəmiyyətin ən müxtəlif təbəqələrindən K.Böyükçölün fikirlərinə etirazlar davam etməkdədir.
Məsələylə bağlı “Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədovun və “Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Firudin Məmmədovun da münasibətini öyrəndik:Qarabağ qazisi Etimad Əsədov:
Azərbaycanda tanınmış şəxsiyyət, görkəmli ziyalı - xüsusən də xalq şairi adı almış ədibimizə, şəhid atasına - böyük Xəlil Rza Ulutürkə qarşı Kəramət deyilən gənc yazar aşağılayıcı və mənfi fikirlər söyləyib. Ən pisi odur ki, o, şəhid atasını və oğlunu da aşağılayıb. Çox təəssüf edirəm ki, hazırda cəmiyyətimizdə Kəramət kimi gənclər mövcuddur. Onlar bəzən birbaşa, bəzən isə dolayısı ilə erməniləri müdafiə edir, düşmən dəyirmanına su tökür, bununla da öz ermənipərəst mövqelərini ortaya qoyurlar.
Bundan əlavə Azərbaycanda çox az sayda tanınmış ziyalılar var ki, onların övladları vətənin dar günündə əlinə silah alaraq cəbhəyə gedib, döyüşüb, vətən uğrunda canından keçib. Belə şəhid oğullardan biridə Xəlil Rza Ulutürkün övladı Təbrizdir. Dünyada yalnız dövlət başçıları dünyasını dəyişəndə dövlət bayrağı onların üzərinə sərilir. Amma şəhidlər də dövlətimizin atributu olan bayrağa bükülərək dəfn edilir. Belə müqəddəs insanların ailəsinə təhqirlər səsləndirənlər, hər kim olursa-olsun, onu böyüdəninə də, tərbiyə verəninə də ayıb olsun! Biz “Qarabağ qaziləri” ictimai birliyi olaraq bildiririk ki, şəhidin ailəsinə, atasına ünvanlanan təhqir, bütün şəhid ailələrinə, vətən uğrunda döyüşmüş, əlil olmuş keçmiş döyüşçülərə deyilmiş təhqirdir. Düşünürəm ki, əlaqədar orqanların, səlahiyyətli dövlət qurumlarının nümayəndələri belələri haqqında ciddi tədbir görməlidir. Xüsusən də Azərbaycan Yazıcılar Birliyi öz mövqeyini ortaya qoymalıdır!
Qarabağ qazisi Firudin Məmmədov:
Açığı, bu məsələdən çox hiddətləndim. Kəramətin belə təhqiramiz danışığı bağışlanmazdır. Xatırlayırsınızsa, bu yaxın günlərdə Türkiyədə şəhərin ərköyün avaraları iki müharibə Qazisini döymüşdülər. Təsəvvür edin ki, dövlət qurumlarının mənsubları, başda Türkiyə Böyük Millət Məclisinin spikeri, həm iqtidar, həm də müxalifət nümayəndələri bu məsələyə ayrı ayrılıqda kəskin münasibətlərini bildirdilər. Həmin cinayətkarları Türkiyənin dövlət suverenliyini aşağılamaq ittihamı ilə mühakimə etdilər. Və iki nəfərinə 24 il, yerdə qalan 4 nəfərinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. İndi hazırda Azərbaycanda da buna bənzər bir hal yaranıb. Şəhid atası, tanınmış ictimai xadim, Azərbaycan xalq şairi Xəlil Rza Ulutürk də Azərbaycanın dövlətinin atributlarından biridir. O ağzının sözünü danışa bilməyən biri tərəfindən təhqir olunubsa, deməli, Azərbaycan dövləti təhqir olunub. Deyilənə görə, Kəramətin atası oğlunun əvəzindən üzr istəyib. Amma, mənim fikrimcə, bu bir üzrlə bitən hərəkət deyil. Bu bir xəyanətdir və beləsinin Azərbaycanda yaşaması haramdır.
QAZİLER.AZ
Əntiqə Rəşid