Məşəl cəbhə bölgəsində

Məşəl cəbhə bölgəsində backend

Birinci Avropa Oyunlarının məşəli dünən axşam saatlarında Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirilib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Oyunları məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi olub. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edərək, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatıblar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı Bakı-2015 Avropa Oyunlarının məşəlini coşqu ilə qarşılayıb.

Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, I Avropa Oyunlarının məşəlini alovlandırıb. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər Bakı-2015-in rəmzi kimi rayonda saxlanılacaq.

Mərasimdə aprelin 26-da Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qalıb.

Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.
Diaspora