İran uzun illərdir ABŞ-ın “qara siyahısı”ndadır. Həm də birinci sırada. Səbəbi məlumdu: Amerika monopoliyalarını itirməyi sevmir və bu cəhddə bulunanları ən sərt şəkildə cəzalandırmaq yolu tutur. İran da tarixdən bilindiyi kimi 1960-larda üzünü Avropa və ABŞ-a çevirmişdi. “Neftimizi milliləşdirdik” desələr də, əslində tam da belə deyildi. İran neftinə nəzarəti ingilislərdən amerikanlar devr almışdı. Neftdən gələn gəlirlər də sonradan məlum oldu ki, Amerika banklarında saxlanırmış. Beləliklə, ABŞ həm İran neftinə nəzarət edir, həm də bunun sayəsində banklarda yığılan külli miqdarda vəsaitdən nəhəng gəlirlər əldə edirdi. Lakin İran İslam İnqilabından sonra ABŞ İran neftinə nəzarəti itirdi. İraq-İran müharibəsi də bu səbəbdən baş verdi. Demək olar ki, İraq o zamankı NATO silahları ilə İRANA qarşı müharibə apardı. Nəticədə İraqın timsalında ABŞ bu müharibədə İrana məğlub oldu. İrana düşmənçiliyin təməli də belə qoyuldu. ABŞ-ın iliyinə işləmiş bu düşmənçiliyin nəticəsidir ki, bütün imkanlarından istifadə edərək əksər Qərb dövlətlərinin İrana qarşı sanksiya və embarqolarına nail oldu. 20 ildən artıqdır ki, İran xalqı və dövləti bu ədalətsiz və qərəzli sanksiyalara məruz qalır. Ancaq bütün bunlara rəğmən İran inkişafdadır.
İranda baş verən son hadisələr zamanı İsrail liderləri, Tramp və yönətiminin tez-tələsik öncüllük edərək İran xalqının guya hüquq və azadlıqlarına qahmar çıxması sözün əsl mənasında ikrah doğurur. Sanki dünyada baş verən bütün müharibə və münaqişələrin fitvasını bunlar vermir. Hər bir müharibə və terror ocağının arxasında ABŞ və İsrailin dayandığını bütün dünya artıq bilməkdədir.
Təəssüflər olsun ki, islam dövlətlərinin həmrəy olmaması, məzhəb intriqaları, bəzi ərəb dövlətlərinin xəyanətkarlığı nəticəsində yaranan boşluğu ABŞ və İsrail müsəlman dövlətlərini ovlamaqla doldurur. Fələstin, Əfqanıstan, İraq, Liviya, Suriyanın işğalı, Yəməndə yaşanan insanlıq faciəsi, eləcə də İrana uzanan qara əllər bu iki dövlətin əkdiyi fitnə toxumunun verdiyi “bardır” .
ABŞ-ın öncüllüyündəki koalisiya qüvvələri bu dövlətlərə əmin-amanlıq, demokratiya, insan haqları gətirəcəkdi. Gətirdimi? Əfqanıstanda hər gün terror, İraqda hər gün partlayışlar, Liviyada qul bazarları, Suriyada məzhəb savaşları və səfalət hökm sürür. Müharibənin dəhşətlərindən qaçarkən dənizlərdə qərq olan 10 minlərlə insanlar və körpələr, Avropaya sığınan miqrantlara qeyri-insani münasibət göz önündədir. İnsan hüquq və azadlıqlarından dəm vuran bu dövlətlərdə 35 min miqrant uşağın itkin düşməsi sənədlərlə sübut olunmaqdadır. O da bildirilir ki, bu uşaqların bir hissəsi fahişəliyə cəlb olunur, digər hissəsi isə orqan mafiyası cəlladlarının qurbanlarına çevrilirlər. Dəhşətlisi budur ki, bütün bu faciələr müsəlman qardaş və bacılarımızın və onların övladlarının başına gətirilir. Özünü islami dəyərlərin daşıyıcısı və qoruyucusu hesab edən ölkələrin, sərvətləri milyardlarla ölçülən müsəlman dövlətlərinin bəzilərinin bu vəhşətlərin iştirakçısına çevrilməsi islama xəyanətdən başqa bir şey deyildir.
Halbuki İslam əxlaqına görə müsəlman müsəlmanın qardaşıdır. Qonşusu ac ikən rahat yatan bizdən deyildir, zülmün qarşısında susan dilsiz şeytandır.
Artıq dünya dövlətləri oyunlarını açıq oynayırlar. İraq və Suriya ərazisində PKK terror təşkilatına verilən hərbi və siyasi dəstək, ABŞ hərbçilərinin müşayəti altında İŞİD terror təşkilatının hərbi texnika və döyüşçülərinin yerdəyişmə manevrlərini bütün dünya televiziya ekranlarında izlədi. Bu qüvvələrin düşərgələrində Amerika və İsrail bayraqları dalğalanmaqdadır. Bununla da Amerika və İsrailin öz maraqları naminə necə məkrli və iyrənc siyasət yürütdüyü sübuta yetmiş olur.
ABŞ əl-Qaidə terror təşkilatını SSRİ-nin Əfqanıstanı işğalı zamanı Pakistan ərazisində Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə yaratdığı sübuta yetirilmişdir. Hətta 11 sentyabr terrorunun arxasında Səudiyyə Ərəbistanının dayandığını ABŞ məhkəmələri sübuta yetirdi, zərərçəkənlərin ailələrinə veriləcək təzminatın ödənməsini isə ABŞ prezidenti öz veto hüququndan istifadə edərək dayandırdı. Bununla da eyni yolun yolçuları olduqlarını sübuta yetirdi. İŞİD terror təşkilatını isə İraqın işğalından sonra Səddam Hüseynin tör-töküntülərini bir araya gətirən işğalçı Amerika generallarının milyonlar xərcləyərək qurduğu sənədlərdə öz əksini tapmışdır. Suriyanın böyük bir hissəsində İŞİD və PKK terror təşkilatının Suriya qolunun yerləşdirilməsi və Amerika tərəfindən böyük həcmdə silah-sursat arsenalı ilə təmin edilməsi bir daha sübut edir ki, terror təşkilatlarının qurucusu və hamisi elə ABŞ-ın özüdür. Misirdə demokratik və ədalətli seçkilərlə xalqın qurduğu qanuni hökuməti İsrailin çıxarlarına qurban edərək hərbi çevrilişlə sonuclandırdılar, yüzlərlə günahsız insanın qətlinə və məhbəslərə atılmasına səbəb oldular. Eləcə də Türkiyədə FETO terror təşkilatının qanlı hərbi çevriliş cəhdinin arxasında Amerikanın dayandığı gün kimi aydındır. İndi isə İranda ələ aldıqları pozuculara dəstək verərək qanuni hakimiyyəti devirmək xəyalları qururlar. Boğazınızda qalar, İnşallah! Bu bir həqiqətdir ki, İranda stabilliyin pozulması bütün qonşu dövlətlər və region üçün böyük fəlakətlərə yol aça bilər.
Bütün bu baş verənlərdən o nəticəyə gəlinir ki, müsəlman dövlətləri də açıq siyasət yürütməli və sözdə müttəfiqliyə son qoymalıdırlar. İslam dünyasını müharibə ocaqlarına çevirən, sərvətlərini talayan hegemon dövlətlərə silah bazarı yaradan xain müsəlman ölkələri ilə məsafəli davranılmalıdır. Trampın Səudiyyə səfəri zamanı yanına Səud kralı və Misir prezidentini alıb Yer kürəsinin bölüşdürilməsi səhnəsini də islam dövlətlərinin unutmaması gərəkdir. Eləcə də Yəmən əhalisini raket zərbələri altında səfalətə və vəbaya məhkum edən “Ərəb koalisiyası”nın əməllərinə də aydınlıq gətirilməli və hüquqi qiymət verilməlidir. İslam ümmətini düşdüyü bu bəlalardan qurtarmaq üçün islam ölkələrinin sözün əsl mənasında birlik və vəhdətinə nail olunmasında ciddi səylər göstərilməli və konkret addımlar atılmalıdır. İslam dünyasının nicatı ancaq bundadır.
Məhz İslam Əməkdaşlıq Təşkilatına hazırda rəhbərliyi həyata keçirən qardaş Türkiyənin öncüllüyü və dirənişi nəticəsində Qüds məsələsində bu mümkün oldu. Trampın sərsəm Qüds qərarına və təhdidlərinə rəğmən dünya dövlətləri də “yox” deməklə onu yerində oturtmağı bacardılar və “dünya tək Amerikadan ibarət deyil” etirazlarını ortaya qoydular. Amma görünən budur ki, Tramp sərsəmləməkdə davam edir. İndi də Şimali Koreya prezidenti ilə nüvə silahı düymələri yarışması aparır. Beləsindən nə desən gözləmək olar. Atom düyməsini də basar, dünyanı da məhv edər. Bu da onu sübut edir ki, planetimiz üçün ən böyük təhlükə elə Amerikadır. İsrail əsgərlərinin fələstinlilərə etdiyi zülmü, azyaşlıların qandallanaraq hərbi məhkəmələrə çıxarılmasını, Daun sindromlu xəstənin zorakılığa məruz qalmasını, Myanmarda Arakan müsəlmanlarının soyqırımını, körpələrin əsgərlər tərəfindən döyülərək öldürülməsini görməzdən gələrək insanlığını İsrail və Myanmar əsgərlərinin çəkmələri altında itirmiş birisinin başqa dövlətlərin daxili işlərinə burnunu soxub da haqq və ədalətdən danışmağa heç bir haqqı çatmır.
Vəssalam!
Etimad Əsədov,
“Qarabağ qaziləri” birliyinin sədri