Salam, ay Şuşam!

Salam, ay Şuşam! backend

Salam! Ay bizdən inciyib, küsən Şuşam! Bu ildə qoynuna gələ bilmədik. Cıdır Düzünə qalxıb yaz güllərindən çələng hörüb, sənin simvolun olan Xarı Bülbül gülünü dərə bilmədik. Göz yaşları selə dönən ahu-naləsi dağları –daşları yandıran İsa bulağının göz yaşını silə bilmədik. Üzümüzü şüşə daşlarına sürtə bilmədik. Salam, ay Şuşam! Üzümüzü Tanrıya tutduq. Tutduq ki, bəlkə səsimizi eşidə, bizi sənə, səni bizə qovuşdura.

Salam, ay Şuşam!

Səndən uzaqlarda səninlə olduq. Sənin uğrunda döyüşən Vətən oğullarını yad etdik. Qöncə qərənfilləri qəbirləri üstünə qoyduq ki, bəlkə təsəlli tapaq.Təsəlli tapdıqmı?

...Universitetin sonuncu kursunda idim. Praktikanı Şuşada keçirirdik. Tələbə yoldaşlarımızla qərara gəldik ki, yaxın rayonlarda olanlar da evlərinə getməsin. Novruz bayramını burda keçirək . Yazın gəlməsinə baxmayaraq hər tərəf ağappaq qar idi. Qollarımızı çırmalayıb həyətdəki qarı təmizlədik. Böyük bir ocaq qalayıb üstündən atlandıq. Həyət- bacada gülüş səslərindən qulaq tutuldu. Hələ qapı pusub, torba da atdıq. O evlərdən sevinc seli küçələrə axdı.
İndi o evlərin qapısını küləklər döyəcləyir. İndi o evlərdən daha gülüş səsi eşidilmir. İndi o evlərdən körpə qığıltısı gəlmir. İndi hər birimizin köksündə göyərən bir Şuşa dərdi var.

Gəncliyimin qaynar çağlarının yadigarı olan şuşalı tələbə yoldaşlarıma zəng etdim ki, Suşanın qoxusunu onlardan alım. O şaqraq səslər əriyib yox olmuşdu. O səslərə kədər –qəm hopmuşdu. Şuşasızlıq kədəri, Şuşasızlıq qəmi.
Salam, ay Şuşam! Bu gün sənin həsrətinlə yanıb-qovrulanlar yenə bir yerə toplaşmışdılar. Toplaşmışdılar ki, sənə doğru gələk. Gələk ki, 23 illik həsrətə son qoyaq.
Diaspora